Dünya şöhrətli şokolad şirkəti” Nutella” məhsullarının halal sertifikatı olub-olmaması ilə bağlı suala cavab verib.
Tribuna.az xəbər verir ki, sosial şəbəkələrdə “Nutella halaldırmı?” sualına əvvəlcə “Xeyr, halal deyil” cavabını verdikdən sonra şirkət reaksiyadan sonra açıqlama yayıb.
Belə ki, “Türkiyədə satılan “Nutella” “Halal Sertifikatlıdır” dedikdən sonra istehsal sertifikatlarını yayımladı.
Lakin yayılan videolardan görünür ki, Məhsulun içinə üyüdülmüş böcəklər əlavə edilir.
Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov böcək qatılan məhsulların halal olub-olmaması ilə bağlı danışıb.
İlahiyyatçının sözlərinə görə, son illər dünyada qida sənayesində yeni bir istiqamət yaranıb. Müxtəlif məhsullara böcək mənşəli zülal əlavə olunur. Biz bilirik ki, Qurani Kərimdə halal və haram qidaların əsas çərçivəsi açıq şəkildə göstərilir. Bəqərə surəsi 173, Maidə surəsi 3 və Nəhl surəsi 115-ci ayələrdə haram olan qidalar konkret sadalanır: leş, axıdılmış qan, donuz əti və Allahdan başqasının adı ilə kəsilən heyvan.
“Bu ayələr göstərir ki, qida mövzusunda haram dairəsi məhduddur və əsas prinsiplər müəyyən edilib.
Böcəklərlə bağlı isə Quranda ümumi bir haram hökmü yoxdur. Əksinə, Nəhl surəsi 68-69-da arı haqqında danışılır və balın insan üçün şəfa olduğu bildirilir. Bu ayə göstərir ki, hər həşərat kateqorik şəkildə murdar sayılmır.
Hədislərə baxanda məsələ bir qədər aydınlaşır. Səhih mənbələrdə Məhəmməd peyğəmbərin (ona və ailəsinə salam olsun) çəyirtkə haqqında buyurduğu rəvayətlər var. Hədisdə iki leşin halal olduğu bildirilir: balıq və çəyirtkə. Bu rəvayət Sünən İbn Macə və Müsnəd Əhməd kimi mənbələrdə nəql olunub. Bu isə göstərir ki, bütün böcəklər eyni hökmə malik deyil.
Fəqihlərin mövqeyi də burada fərqlənir. Hənəfi məzhəbində çəyirtkədən başqa digər həşəratların yeyilməsi caiz sayılmayıb. Çünki onlar bunu insan təbiətinin iyrəndiyi qidalar kateqoriyasına daxil ediblər və Maidə surəsi 4-cü ayədə keçən təmiz və xoş qidalar anlayışına əsaslanıblar. Şafii və Maliki alimləri isə müəyyən şərtlərlə bəzi həşərat növlərini caiz hesab ediblər. Burada əsas meyar zərər verməməsi və nəcasət hökmündə olmamasıdır. İbn Rüşd kimi alimlər fiqhi ixtilafın əsasının mətnlərin ümumiliyi və qiyas məsələsi ilə bağlı olduğunu qeyd edirlər.
Bütün alimlərin hər növ böcəyi haram sayması barədə qəti icma yoxdur. Yəni bu mövzu mübahisəli sahəyə daxildir. Alimlər bu məsələdə müxtəlif düşünüblər. Hədis mənbələrində belə bir rəvayət var ki, milçək qabdakı suya düşərsə, tam batırılıb çıxarılsın. Çünki onun bir tərəfində xəstəlik, digər tərəfində isə ona qarşı təsir olduğu bildirilir. Bu rəvayət Səhih Buxari və Sünən Əbu Davud kimi mənbələrdə nəql olunub. Lakin bu məsələ hər kəs tərəfindən eyni cür qəbul edilmir. Bir çox insan belə vəziyyətlərdə psixoloji olaraq narahatlıq keçirir, iyrənmə hissi yaşayır. Üstəlik, gigiyena və mikrobiologiya baxımından bəzi hallarda allergik və ya infeksion reaksiyalar da mümkündür.
Bildiyimiz kimi qida təhlükəsizliyi və ekoloji tarazlıq səbəbilə bəzi ölkələrdə böcək zülalı alternativ protein mənbəyi kimi təqdim edilir. Food and Agriculture Organization bu sahədə hesabatlar yayımlayıb və bildirir ki, bəzi həşərat növləri qidalanma baxımından yüksək zülal dəyərinə malikdir. Bu, tibbi və bioloji müzakirədir. Amma şəri hökm yalnız qida dəyəri ilə müəyyən olunmur.
Burada iki əsas prinsip var. Birincisi, açıq şəkildə haram edilənlərdən olmamalıdır. İkincisi, insan sağlamlığına zərər verməməlidir. Əgər məhsulun tərkibində hansı növ böcəkdən istifadə edildiyi məlumdursa və o növ fiqhi baxımdan caiz görülməyən kateqoriyaya daxildirsə, ehtiyatlı olmaq daha münasibdir. Xüsusilə Hənəfi məzhəbinə bağlı müsəlmanlar üçün bu mövqe daha uyğun sayılır.
Əgər söhbət çəyirtkə kimi şəriətdə halal olduğu açıq bildirilən növdən gedirsə, burada haram hökmü vermək doğru olmaz.
Mənim mövqeyim budur ki, qəti haram hökmü yalnız açıq dəlil olduqda verilməlidir. Şübhəli məsələlərdə isə insan öz məzhəbinin mötəbər alimlərinin rəyinə əsaslanmalı və ehtiyat prinsipini qorumalıdır. Din çətinlik yaratmaq üçün deyil. Amma sərhədləri də qorumaq lazımdır.
Bu mövzuda panikaya ehtiyac yoxdur. Əsas məsələ məhsulun tərkibini bilmək və bilincli seçim etməkdir. Halal və haram anlayışı qorxu üzərində yox, məlumat üzərində qurulmalıdır”.
Dəniz Pənahova









