Navai-nin həbsinə görə Rusiya Qazaxıstana nota göndərdi

Navai-nin həbsinə görə Rusiya Qazaxıstana nota göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı reper Navai Bəkirovun Qazaxıstanda həbs olunması Moskva ilə Astana arasında diplomatik müraciətə səbəb olub. Rusiyanın Almatıdakı Baş Konsulluğu hadisə ilə bağlı Qazaxıstan Xarici İşlər Nazirliyinə nota göndərib.

Tribuna.az  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya konsulluğunun mətbuat xidmətinin əməkdaşı bildirib ki, diplomatik nümayəndəlik Rusiya vətəndaşı ilə bağlı vəziyyətə rəsmi şərh verilməsi xahişi ilə Qazaxıstan XİN-in Almatıdakı nümayəndəliyinə nota ünvanlayıb.

Məlumata görə, Navai oktyabrın 13-də Qırğızıstandan Qazaxıstana daxil olarkən avtomobilinə baxış zamanı saxlanılıb. Maşında narkotik maddələrin aşkar edildiyi və götürüldüyü bildirilir. Hadisə ilə əlaqədar narkotik vasitələrin qaçaqmalçılığına cəhd şübhəsi ilə cinayət işi başlanıb.

Oktyabrın 14-nə planlaşdırılan reperin Astanadakı konserti ləğv edilib. Daha sonra Qazaxıstan məhkəməsinin onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçdiyi bildirilib.

Reperin vəkilinin sözlərinə görə, iş üzrə nəticədən asılı olaraq, sənətçi həbs cəzasından yayına bilər. Bununla belə, işin yekun nəticəsi barədə hələlik qəti qərar yoxdur.

İmran Kərimli