Natiq Cəfərli: Sumqayıt liman və yeni iş yerləri ilə canlana bilər

Natiq Cəfərli: Sumqayıt liman və yeni iş yerləri ilə canlana bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda iş yerlərinin və əməkhaqlarının məhdudluğu şəhər sakinlərini iş axtarışı üçün Bakıya üz tutmağa məcbur edir. Bu proses paytaxtda tıxacların və nəqliyyat xaosunun əsas səbəblərindən birinə çevrilib. İkinci ən böyük şəhər statusuna baxmayaraq, Sumqayıtda məşğulluğun niyə zəif olduğu və bu problemin aradan qaldırılması yolları isə aktual müzakirə mövzusudur. Sizin bu yöndə nə təklifləriniz olardı, gələcəkdə bununla bağlı layihələr düşünülürmü? Milli Məclisdə müzakirə edilə bilərmi?

Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, bunu Milli Məclisdə müzakirə edə və müəyyən qanunlar qəbul edə bilərlər.

Natiq Cəfərlinin sözlərinə görə, məsələn, Sumqayıtda daha az vergi siyasəti tətbiq oluna bilər. Amma bu, tək Milli Məclisin görə biləcəyi bir iş deyil. Hökumətin iqtisadi komandası Sumqayıtı cazibəli hala gətirməlidir. Yəni, Sumqayıtın öz iş yerləri ilə, inkişafı ilə bağlı qərarlar alınmalıdır. İstehsal, xidmət sahələrinin yaradılması lazımdır. Çünki Sumqayıtın potensialı var və dəniz şəhəridir. Sumqayıtda liman tikmək olar. Çünki Azərbaycan logistik mərkəzə çevrilirsə, bir tək Ələtdə yox, Sumqayıtda da limanın olması, yük daşımalarının sürətinin və həcminin artmasına xidmət edə bilər. Bir limanın tikintisi isə multiplikativ effektlə ətrafında çox sayda şirkətlərin yaranmasına da səbəb ola bilər.

Dəniz Pənahova