Müharibədə yeni mərhələ: Zelenskinin 40 günlük planı

Müharibədə yeni mərhələ: Zelenskinin 40 günlük planı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsi dörd ildən sonra yeni və daha təhlükəli mərhələyə qədəm qoyub. Əgər son iki ildə əsas döyüşlər cəbhə xəttində gedirdisə, indi müharibənin ağırlıq mərkəzi Rusiyanın daxilinə keçməyə başlayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski elan etdiyi 40 günlük intensiv əməliyyat planı çərçivəsində Rusiyanın hərbi, enerji və logistika infrastrukturunu sistemli şəkildə hədəfə alır. Moskva, Tula, Krasnodar, Ufa, Krım və digər strateji bölgələrdə neft emalı zavodları, enerji obyektləri, hərbi bazalar və nəqliyyat xətləri ardıcıl dron hücumlarına məruz qalır. Məqsəd cəbhədə böyük ərazilər geri almaqdan daha çox, Rusiyanın müharibə aparmaq imkanlarını zəiflətmək və Kremlə daxildən təzyiq göstərməkdir.

Buna cavab olaraq Rusiya da hücumların intensivliyini artırır. Donetsk istiqamətində, xüsusilə Kostiantinivka, Slovyansk və Kramatorsk xəttində irəliləməyə çalışır. Kreml üçün əsas məqsəd Donetsk vilayətini tam nəzarətə götürmək, Luqanskdakı mövqelərini möhkəmləndirmək və Zaporojye–Xerson istiqamətində quru dəhlizini təhlükəsiz saxlamaqdır. Rusiya canlı qüvvə və artilleriya üstünlüyünü qorusa da, Ukraynanın uzaqmənzilli dron zərbələri logistikaya ciddi təsir göstərir, sursat və yanacaq təminatında problemlər yaradır. Buna baxmayaraq, cəbhədə həlledici dönüş hələ baş verməyib və döyüşlər əsasən mövqe xarakteri daşıyır.

Hazırda müxtəlif beynəlxalq monitorinq mərkəzlərinin qiymətləndirməsinə görə, Rusiya Ukrayna ərazisinin təxminən 19–20 faizinə nəzarət edir. Bu rəqəmə 2014-cü ildən işğal altında olan Krım da daxildir. Yalnız 2022-ci ildən sonra ələ keçirilən ərazilər hesablandıqda isə göstərici daha aşağıdır və fərqli mənbələrdə dəyişir. Son aylarda Rusiyanın ərazi qazancı xeyli yavaşıyıb, bəzi istiqamətlərdə isə Ukrayna məhdud əks-hücumlarla müəyyən əraziləri geri qaytara bilib. Bu səbəbdən hazırda müharibənin taleyini artıq kilometrlərlə ölçülən cəbhə irəliləyişindən daha çox, sənaye, logistika və iqtisadi dayanıqlıq uğrunda mübarizə müəyyənləşdirir.

Məhz buna görə Zelenskinin 40 günlük strategiyası hərbi olduğu qədər siyasi məqsəd də daşıyır. Kiyev hesab edir ki, Rusiyanın dərinliklərində enerji və hərbi infrastrukturun iflic edilməsi Kremlin müharibənin iqtisadi yükünü daha ağır hiss etməsinə səbəb olacaq və Moskvanı danışıqlara məcbur edə bilər. Putin isə əksinə, Ukraynanın müqavimətini tükəndirib vaxtın Rusiyanın xeyrinə işlədiyinə inanır. Nəticədə tərəflər fərqli strategiyalar seçiblər: Ukrayna Rusiyanın döyüş qabiliyyətini daxildən sarsıtmağa, Rusiya isə cəbhədə yavaş, lakin davamlı irəliləyişlə Kiyevin siyasi iradəsini zəiflətməyə çalışır. Bu isə göstərir ki, yaxın aylarda müharibənin dayanmasından çox, onun daha yüksək texnologiyalı və daha dağıdıcı mərhələyə keçməsi ehtimalı daha yüksək görünür.