Rusiya Dövlət Duması prezident Vladimir Putinə rusları qorumaq üçün digər ölkələrə qoşun göndərməyə icazə verən yeni qanun qəbul edib.
Tribuna.az bildirir ki, yeni qanunvericilik düzəlişləri prezidentin ölkə sərhədləri xaricində silahlı qüvvələrdən istifadə sahəsində səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirir. Yeni qanunvericilik düzəlişinin lehinə 384 deputat səs verib. Gözlənildiyi kimi, əleyhinə və bitərəf səs verən olmayıb.
Dəyişikliklər “Vətəndaşlıq haqqında” və “Müdafiə haqqında” Rusiya qanunlarına daxil ediləcək.
Dəyişikliklərə əsasən, Prezident Putin xaricdə həbs olunarsa və ya məhkəməyə verilərsə, Rusiya vətəndaşlarını qorumaq üçün ordudan istifadə edə bilər. Qərb kəşfiyyat orqanları artıq Kremlin bir və ya bir neçə kiçik Avropa ölkəsi ilə yeni müharibəyə hazırlaşdığını bildiriblər.
Bu qanun postsovet ölkələrini də təhdid edən faktdır.
Ukraynada guya rusları müdafiə etmək adı ilə işğalçı hərbi əməliyyatlar aparan Rusiyanın gələcəkdə eyni bəhanə ilə digər respublikalara hücumu istisna deyil. Rusiya rəsmiləri və baş diplomat Lavrov dəfələrlə bəyan edib ki, rusların yaşadığı hər yer Rusiyadır. Son illər isə rusdilli əhalinin müdafiəsi adı ilə ayrı-ayrı ölkələrə təzyiq göstərilir.
Xüsusən Orta Asiya dövlətlərinə həmlələr edilir. Həmçinin Baltikyanı dövlətlərə də təhdidlər yağdırılır.
Bu qanun isə Rusiyanın gələcəkdə işğal hərəkətlərini genişləndirməyə don geyindirir.
Gülşən Rəsul









