24 dekabr gecəsi Moskvanın cənubunda daha bir partlayış baş verib. Nəticədə iki yol polisi əməkdaşı həlak olub.
Tribuna.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin yaydığı məlumata görə, müstəntiqlər və məhkəmə ekspertləri təcili yardım xidmətləri ilə birlikdə hadisə yerini araşdırır və videomüşahidə görüntülərini nəzərdən keçirirlər. Cinayət işi açılıb, lakin araşdırmanın aparıldığı konkret maddə göstərilməyib.
“Baza”-nın məlumatına görə, partlayış Orexovo-Borisovonun Yeletskaya küçəsindəki polis bölməsinin yaxınlığında baş verib. Yaralanan iki yol polisi əməkdaşı təcili xəstəxanaya aparılıb. Yerli sakinlər həmçinin ayaqlarından yaralanan bir kişini avtomobilin yanında uzanmış vəziyyətdə görüblər. Hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər ki, əməkdaşlar aldıqları xəsarətlərdən ölüblər.
Məlumata görə, gecə yarısı yol polisi əməkdaşlarına bir şübhəlini saxlayıb polis bölməsinə aparmaq əmri verilib. Onlar hadisə yerinə çatanda komandirləri ilə əlaqə saxlayıblar və dayanacaqda başqa bir şübhəli kişi ilə qarşılaşıblar. Həmin naməlum şəxs avtomobilə əldəqayırma partlayıcı qurğu atıb və qaçıb.
İki gün əvvəl, 22 dekabrda general-leytenant Fanil Sarvarovun maşını Orexovo- Borisovodakı polis bölməsinin yaxınlığında partladılmışıd. Nəticədə rus ordusunun general-leytenantı, Baş Qərargahın idarə rəisi olan Sarvarov həlak olmuşdu.









