Paytaxtda piyadalar üçün nəzərdə tutulan səkilərin getdikcə biznes obyektlərinə “qurban” verilməsi artıq adi hala çevrilib.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Nazim İsmayılov küçəsi 5 ünvanında fəaliyyət göstərən “Möcüzə” Market ətrafında yaşayan sakinlərin Tribuna.az-ın redaksiyasına etdiyi müraciətə əsasən əməkdaşlarımız hadisə yerində olublar.
Hadisə yerində əməkdaşlarımız şikayətçiləri lentə aldıqda, məlum olub ki, sözügedən marketin sahibi əvvəlcə piyadaların gündəlik istifadə etdiyi səkini qanunsuz şəkildə obyektə birləşdirib.
Nəticədə, ərazidən keçən vətəndaşlar üçün hərəkət demək olar ki, mümkünsüz hala gəlib.
Lakin “möcüzə” bununla bitmir. Hazırda marketin üzbəüz hissəsində, heç bir rəsmi icazə olmadan tikinti işləri aparıldığı açıq-aşkar görünür. Nə tikilir, hansı məqsədlə tikilir və ən əsası, kimlərin icazəsi ilə? Bu suallar cavabsız qalır.
Məsələ burasındadır ki, mövcud qanunvericiliyə əsasən:
Səkinin zəbt edilməsi və kommersiya məqsədilə istifadə olunması qəti qadağandır;
Tikinti işləri yalnız müvafiq icra hakimiyyəti orqanlarının, FHN-nin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi ilə həyata keçirilə bilər;
İcazəsiz tikinti inzibati, bəzi hallarda isə cinayət məsuliyyəti yaradır.
Bütün bunlara baxmayaraq, “Möcüzə” Marketin sahibi açıq-aşkar qanun pozuntusuna yol verir. Sual yaranır: bu qədər aşkar özbaşınalıq aidiyyəti qurumların necə diqqətindən yayınır? Yoxsa hansısa qurumların susqunluğu bu qanunsuzluqlara faktiki olaraq “yaşıl işıq” yandırır?
Şəhər sakinləri haqlı olaraq narahatdır. Çünki bu cür hallara göz yumulması presedent yaradır. Əgər bu gün bir market səkini zəbt edib, sabah digəri yolun ortasında tikinti aparsa, şəhər infrastrukturu hansı vəziyyətə düşəcək?
Bu baş verənləri sahibkarlıq fəaliyyəti adlandırmaq çətindir. Bu, daha çox özbaşınalıq və ictimai məkanlara hörmətsizlikdir. Qanun hamı üçün eyni olmalıdır.
Redaksiyamız məsələni aidiyyəti qurumların diqqətinə çatdırır və ümid edir ki, “Möcüzə” Market ətrafında baş verən bu qanunsuzluqlara tezliklə hüquqi qiymət veriləcək. Əks halda, bir marketin yaratdığı bu “möcüzə” bütövlükdə şəhər üçün ciddi problemə çevrilə bilər.
Hadisə ilə bağlı videomaterialı təqdim edirik:
Fərda Uğur












