Milli Qəhrəmanın qızı dələduzluğun qurbanı oldu – 10 minlərlə manat…

Milli Qəhrəmanın qızı dələduzluğun qurbanı oldu – 10 minlərlə manat…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın ilk Milli Qəhrəmanı Yusif Mirzəyevin qızı dələduzluğun qurbanı olub.

Ttibuna.az xəbər verir ki,  bu barədə Musavat.com-a daxil olan şikayət ərizəsində bildirilir ki, özünü VTEK-in (Tibbi-Sosial Ekspert Komissiyası) əməkdaşı kimi təqdim edən Mina Muradova bir neçə vətəndaşın etibarından sui-istifadə edərək, külli miqdarda vəsait ələ keçirib.

Şikayətçilər Nurlana Yusif qızı Mirzəyeva, Nailə Vəli qızı Mirzəyeva və Zümrüd Niyazağa qızı Xasiyeva məsələ ilə bağlı daxili işlər naziri Vilayət Eyvazova, baş prokuror Kamran Əliyevə, eləcə də Bakı Şəhər Baş Polis İdarəsinə və Nəsimi rayon hüquq-mühafizə orqanlarına müraciət ediblər. Şikayət ərizəsində qeyd olunur ki, Nurlana Yusif qızı Mirzəyeva 2024-cü ilin avqust ayında toy mərasimində qohumu Mina Muradova ilə rastlaşıb. Mina özünü VTEK-in əməkdaşı kimi təqdim edib, əlillik, pensiya, müharibə veteranları və qəhrəman ailələri üçün müxtəlif məsələləri “həll etdiyini” bildirib. Nurlana Mirzəyevanın sözlərinə görə, əlillik dərəcəsi ləğv olunmuş bir şəxs üçün yardım istənildikdə Mina həmin dərəcəni bərpa edə biləcəyini deyib və 2 min manat tələb edib. Ödəniş bank kartı vasitəsilə həyata keçirilib. Lakin 8 sentyabr 2024-cü ildən bu günə qədər nə vəsait geri qaytarılıb, nə də vəd edilən məsələ həll olunub. Nurlana Mirzəyeva şikayətə “WhatsApp” yazışmalarının çıxarışlarını və köçürmə qəbzini də əlavə edib.

Digər zərərçəkən Nailə Vəli qızı Mirzəyeva isə bildirir ki, Mina Muradova onun 1-ci qrup əlil olan həyat yoldaşına dövlət xətti ilə mənzil veriləcəyini deyib. İddialara görə, Mina Muradova 15 min manat müqabilində ailəni ev növbəsinə saldıracağını və mənzilin veriləcəyini vəd edib. Nailə Mirzəyeva iki bankdan kredit götürərək və şəxsi vəsaitini tamamlayaraq, 13 min manat məbləğində pulu Minaya təqdim edib. Bir müddət sonra ona texniki pasportun və çıxarışın şəkli göndərilib. Hətta binanın qarşısında çəkilmiş fotoşəkil də təqdim olunub. Lakin iki ilə yaxındır ki, nə mənzil verilib, nə də pul geri qaytarılıb.

Üçüncü şikayətçi Zümrüd Niyazağa qızı Xasiyeva da oxşar sxemlə aldadıldığını bildirir. Onun sözlərinə görə, Mina evə gələrək əlilliyi olan qohumu üçün mənzil növbəsində irəli çəkəcəyini deyib və 20 min manat tələb edib. Razılaşma 15 min manat üzərində əldə olunub. Pul evdən nağd şəkildə götürülüb və həmin anın videosu da şikayətə əlavə edilib. Zərərçəkənin dediyinə görə, o gündən bu yana saysız-hesabsız telefon danışığı və yazışma aparılsa da, məsələ həllini tapmayıb.

Şikayətçilərin bildirdiyinə görə, sonradan məlum olub ki, Mina Muradova təkcə onlara deyil, daha onlarla vətəndaşa özünü VTEK əməkdaşı kimi təqdim edərək, oxşar üsulla vəsait ələ keçirib…

Musavat.com əməkdaşı Mina Muradova ilə əlaqə saxlayıb məsələ ilə bağlı fikirlərini öyrənməyə çalışıb. Lakin telefonu qapalı olduğundan onunla əlaqə yarada bilməyib. İddialarla bağlı onun da mövqeyini dərc etməyə hazırıq.

Sənan Məmmədli