Ukraynanın “Shakhtar Donetsk” komandasının baş məşqçisi Arda Turan futbol dünyasının ən məşhur müzakirələrindən biri olan “Messi, yoxsa Ronaldo?” sualına yenidən qəti mövqe nümayiş etdirib.
Tribuna.az xəbər verir ki, KAFA Sports-ın “YouTube” proqramında qonaq olan türkiyəli mütəxəssis bildirib ki, bu mövzuda fikri dəyişməyib:
“Kimsə ‘Messi, yoxsa Ronaldo?’ sualına ‘Ronaldo’ cavabını verirsə, onunla futbol müzakirə etmərəm. Bunu əvvəllər də demişəm. Ronaldo dünyanın ən yaxşı futbolçusudur, amma Messi bu dünyadan deyil”.
Arda Turanın sözlərinə görə, Cristiano Ronaldo zəhməti, peşəkarlığı və qolçuluq bacarığı ilə futbol tarixinin ən böyük oyunçularından biridir. Lakin Lionel Messi meydanda nümayiş etdirdiyi oyun intellekti, texnikası, driblinqi və yaradıcılığı ilə adi futbol standartlarını aşan bir fenomen hesab olunur.
Bu, Arda Turanın Messi barədə ilk belə açıqlaması deyil. O, hələ 2015-ci ildə FC Barcelona ilə müqavilə imzalayarkən də “Messi bu günün yox, futbol tarixinin ən yaxşı oyunçusudur” demiş, 2020-ci ildə isə Messinin oyunu hərtərəfli idarə etdiyini, Ronaldonun isə daha çox mükəmməl qolçu olduğunu vurğulamışdı.
Gülşən Rəsul










