Avropa Parlamentinin anti-Azərbaycan fəaliyyəti düşmənçilik həddinə çatmışdı. Bu ermənipərəst təsisat əleyhimizə 12 qətnamə qəbul edib. Bu günə qədər təmkin göstərdik, amma sonuncu qətnamə səbr kasamızı daşırdı. Ona görə də Milli Məclisin mövqeyi yerində olan qərardı.
Bu sözləri Tribuna.az-a millət vəkili Məşhur Məmmədov deyib. O, Avropa Parlamenti ilə bütün əlaqələrin dayandırılmasını doğru addım hesab edir. Deputat bildirib ki, Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin toplantısında videobağlantı formatında çıxışı zamanı Avropa Parlamentinə haqlı tənqidlər səsləndirdi: “Bütün Avropa və Ermənistan cənab Prezidentin çıxışını izlədi. Hətta Avropa Parlamentinin sədri Metsola da orada idi və dinləyirdi. Bir sözlə, cənab İlham Əliyev onlara dərs keçdi.
Yəni bizə qarşı qərəzli qətnamələr qəbul edənlər başa düşməlidirlər ki, Azərbaycan hansısa kvazi dövlət deyil. Biz onların cavabını verdik və haqlı olduğumuzu bəyan edirik. Çünki o qətnamələr reallıqdan uzaqdır. Orada erməni terrorçular müdafiə olunur. Bu, Avropa dəyərlərinə ziddir”.
Məşhur Məmmədov qeyd edib ki, Avropanın bəzi təsisatları bu “siyasəti” ilə Azərbaycanı və öz nüfuzunu itirir. Onun fikrincə, Qərb Bakı ilə münasibətlərə yenidən baxmalıdır.
Sənan Məmmədli









