Məşhur Məmmədov: “Cənab Prezidentin Qırğızıstan səfəri tarixi razılaşmalara yol açdı”

Məşhur Məmmədov: “Cənab Prezidentin Qırğızıstan səfəri tarixi razılaşmalara yol açdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənab İlham Əliyevin Qırğızıstana dövlət səfəri Türk dünyasının inkişafı və müttəfiqliyin güclənməsi baxımından olduqca əhəmiyyətli idi. Azərbaycan Mərkəzi Asiyaya yönəlmiş siyasətində yeni addımlar atır. Bu səfər geosiyasi reallığın növbəti parlaq səhifəsi oldu. Bakı ilə Bişkek arasında indiyədək mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin keyfiyyətcə daha yüksək mərhələyə – müttəfiqlik səviyyəsinə yüksəldilməsi regionun siyasi xəritəsində əhəmiyyətli dəyişikliklərin başlanğıcından xəbər verir”.

Bu sözləri Tribuna.az-a millət vəkili Məşhur Məmmədov deyib.

Deputat qeyd edib ki, müttəfiqlik münasibətləri haqqında müqavilə iki qardaş ölkənin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm hüquqi sənəddir:

“İki ölkə beynəlxalq platformalarda, o cümlədən BMT və Türk Dövlətləri Təşkilatı çərçivəsində bir-birinə tam siyasi və diplomatik dəstək verəcəyini rəsmiləşdirdi. Səfərin ən diqqətçəkən praktiki nəticələrindən biri isə Azərbaycan–Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması oldu. Düşünürəm ki, bu qərar hər iki ölkənin iş adamları üçün yeni imkanlar yaradacaq.”

Məşhur Məmmədov bildirib ki, Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri son dövrlərin ən mühüm və yüksək qiymətləndirilən səfərlərindən biridir:

“Nəticə etibarilə iki ölkə arasında strateji tərəfdaşlığın artıq müttəfiqlik səviyyəsinə yüksəldiyini görürük. Bu isə ilk növbədə iqtisadi, ticarət, nəqliyyat, energetika, kənd təsərrüfatı, eləcə də mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir.”

Deputat qeyd edib ki, Azərbaycan və Qırğız xalqları arasında tarixən formalaşmış tarixi-etnik bağlılıq, hər iki xalqın türk ailəsinə mənsub olması, ortaq tarix, dil və mədəniyyət möhkəm təməl yaradır.

Onun sözlərinə görə, iki dövlət arasında tərəfdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl fəaliyyət dost və qardaş ölkələri daha da yaxınlaşdırır.

Millət vəkilinin fikrincə, burada ən vacib məsələlərdən biri siyasi dialoq və tərəfdaşlıqla yanaşı, hər iki ölkənin malik olduğu iqtisadi potensialdan səmərəli istifadə üçün əlverişli şəraitin yaradılmasıdır.

“Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların daha da genişlənməsi iqtisadi əməkdaşlığın dərinləşməsi üçün əlverişli zəmin yaradacaq. Nəzərə alsaq ki, iki ölkə arasında 100-dən çox sənəd imzalanıb, bu sənədlər əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edir. Ən mühüm istiqamətlərdən biri isə humanitar əməkdaşlıqdır.

Azərbaycan üçün xüsusi həssaslıq daşıyan işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində Qırğızıstanın fəal iştirakı yüksək qiymətləndirilir. Bu baxımdan Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin tikintisində qırğız şirkətlərinin yaxından iştirakı və Qırğızıstan hökumətinin bu prosesə verdiyi dəstək humanitar əməkdaşlıq baxımından mühüm siyasi jestdir.”

Fərda Uğur