Mərəndini kim danışdırır?

Mərəndini kim danışdırır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Tehran Universitetinin professoru və nüvə danışıqları üzrə keçmiş məsləhətçi Seyid Məhəmməd Mərəndi Azərbaycanı hədələyən açıqlamalar verib.

Tribuna.az xəbər verir ki, o, Bakıda hakimiyyəti dəyişə biləcəklərini iddia edib.

Mədəndi deyib: “Əgər Azərbaycan İsrail və ABŞ ilə birlikdə İrana qarşı siyasətini davam etdirərsə, bu rejim uzun müddət mövcud olmayacaq. O məhv ediləcək və onun yerinə İranla dost olacaq yeni bir hökumət gələcək. Bu, yalnız bir neçə gün davam edə bilər”.

Qeyd edək ki, sözügedən şəxs Tehran Universitetində anti-Azərbaycan qrupunun əsas fiqurlarından sayılır. Onun Azərbaycanda “hakimiyyəti dəyişmək” iddiası da nə yeni ideyadır, nə də təəccüblü. Çünki o və ətrafındakılar uzun zamandır bu fikirləri dilə gətirib, hədələrindən qalmırlar.

Bəs, Mərəndini kim danışdırır? Ümumiyyətlə, İranda Azərbaycana qarşı fəaliyyət göstərən media və şəxslərin hamısı SEPAH- bağlı adamlardır. Belə ki, həmin qruplaşmanın maliyyəsi, fəaliyyəti üçün mediaya çıxış imkanlarının hamısı sözügedən hərbi qruplaşma tərəfindən yaradılır. SEPAH-ın tərkibindəki anti-Azərbaycan qrupunun (onların arasında generallar da var idi) əsas hədəfi isə Azərbaycanda “islam dövləti” qurmaq və özlərinə simsar birilərini hakimiyyət başına keçirməkdir. Bu plan Azərbaycan müstəqillik əldə edəndən bəri mövcuddur. Çünki SEPAH-dakı həmin qrup Azərbaycanın müstəqil dövlət olmasını istəmir və buna aqressiya ilə yanaşır.

Elə Mərəndi və onun kimləri danışdıran da həmin mərkəzdir. Hədəf ona görə, Azərbaycan seçilib ki, hazırda müharibə vəziyyətində olan İran bununla ölkəmizi təhdid edərək, onu proseslərdən kənarda saxlamağa çalışır. Daha doğrusu, Azərbaycanı şantaj etməyə cədh göstərir.

Fərda Uğur