Menyular bahalaşır, porsiyalar kiçilir

Menyular bahalaşır, porsiyalar kiçilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bir zamanlar evdə ailəliklə edilən səhər yeməyi artıq restoranlarda edilməklə şəhər həyatının gündəlik ritminə çevrilib. Səhər saatlarında dolu kafe və restoranlar göstərir ki, bu, yalnız aclığı yatırmaq deyil, eyni zamanda sosial ünsiyyət və həyat tərzinin ifadəsidir. Son illərdə şəhərdə səhər yeməyi təklif edən məkanların sayı xeyli artıb, ənənəvi çay-pendir süfrəsindən tutmuş Avropa üslublu səhər yeməklərinə qədər geniş seçimlər təqdim olunur. Xüsusilə “səhər yeməyi setləri” bazarın əsas məhsuluna çevrilib. Maraqlıdır, hazırda bu istiqamətdə vəziyyət necədir? Müştərilər seçim edərkən nələrə üstünlük verirlər?
Paytaxtda səhər yeməyi təqdim edən restoranlarda qiymətlər məkanın konsepsiyasına və təqdim olunan menyunun zənginliyinə görə dəyişir. Sadə və klassik səhər yeməyi təklif edən məkanlarda bir nəfər üçün qiymət 25-30 manat civarında olur. Daha zəngin menyular və əlavə xidmətlər təqdim edən məkanlarda bu göstərici 35-45 manata qədər yüksəlir. Ailə və dostlarla birlikdə yeyilən səhər yeməyi setlərində isə minimum dörd nəfərlik set 90-100 manat səviyyəsindədir. Restoran seçimində isə müştərilərin diqqət etdiyi əsas məqamlar arasında keyfiyyətli və təzə məhsullar, rahat sosial mühit və menyuların müxtəlifliyi ön plandadır.
Son illərdə Bakı şəhərində iaşə obyektlərinin dövriyyəsi də əhəmiyyətli artım göstərib. Dövlət Statistika Komitəsindən “Kaspi” qəzetinə verilən məlumata görə, 2023-cü ildə restoran və kafe sektoru üzrə illik dövriyyə təxminən 1,45 milyard manat təşkil edirdisə, 2024-cü ildə bu göstərici 1,70 milyard manata çataraq təxminən 17% artım göstərib. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin ümumi dəyəri isə 1 milyard 990,2 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 13,2 % çoxdur.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, son dövrdə Azərbaycanda ümumi inflyasiya və ərzaq qiymətlərinin artması fonunda ictimai iaşə sektorunda qiymətlər nəzərəçarpacaq dərəcədə yüksəlib: “Rəsmi statistikaya görə, yalnız 2025-ci ilin ilk on ayında iaşə xidmətlərinin qiymətləri 5,4% artıb. Bu artım ölkə üzrə orta inflyasiyadan bir qədər aşağı olsa da, müştərilər xüsusilə səhər yeməyi menyularında bunu aydın şəkildə hiss edirlər. İstehlakçılar bildirirlər ki, əvvəlki illə müqayisədə səhər yeməklərinin həm qiyməti bahalaşıb, həm də bəzi yerlərdə porsiyalar kiçilib. Restoranlar xərclərin artması səbəbindən bəzən eyni qiymətə daha kiçik porsiya təqdim etməklə balans yaratmağa çalışır”.
Mütəxəssisin sözlərinə görə, qiymət artımının səbəbi qida məhsullarının bahalaşması, işçi maaşlarının yüksəlməsi və icarə xərclərinin artmasıdır: “Məsələn, 2025-ci ildə ərzaq məhsullarının qiymətinin təxminən 8% artması restoranların xammal xərclərini birbaşa artırıb. Eyni zamanda, orta aylıq əməkhaqqının təxminən 9,5% yüksəlməsi və daşınmaz əmlakın bahalaşması icarə xərclərinə təsir edərək restoranların maya dəyərini artırıb. Nəticədə həm orta səviyyəli, həm də premium seqment restoranlar səhər yeməyi menyularının qiymətini yüksəltməyə məcbur olublar. Lakin orta və premium seqmentlər bu artımdan fərqli şəkildə təsirlənib. Orta səviyyəli kafelər və ailəvi yemək məkanları qiymətə həssas müştəriləri qoruyub saxlamaq üçün daha ehtiyatlı davranırlar, bəzən porsiyaları azaldıb eyni qiyməti saxlamağa çalışırlar. Premium seqmentdə isə müştərilər daha yüksək keyfiyyət və təcrübə gözlədiyindən restoranlar qiymətləri cəsarətlə artıra bilir”.
Səhər yeməyi məkanı seçərkən azərbaycanlı müştərilərin diqqət yetirdiyi meyarlara gəldikdə isə, həmsöhbətimiz bildirir ki, başlıca meyarlar qiymət, keyfiyyət, menyu çeşidi və məkan təcrübəsidir (atmosfer və xidmət): ” Bir çox müştəri üçün təzə və dadlı təamlar, gigiyena və təqdimat səviyyəsi əsas qərar faktorudur. Menyu çeşidi genişliyi də seçimə təsir edir. Məsələn, bəzi müştərilər klassik pendir-çörək, bal, qaymaqla kifayətlənsə də, digərləri müxtəlif beynəlxalq yeməkləri – pankek, omletlər, avokadolu tost, yaxud yüngül smuzi və yoğurt kimi sağlam alternativləri görmək istəyirlər. Azərbaycanda səhər yeməyi bazarı bu baxımdan xeyli rəngarəng olub. Artıq kafelər ənənəvi “kənd süfrəsi” konseptiylə yanaşı, Avropa tipli və ya türk üslubunda zəngin təamlardan ibarət menyular təklif edirlər. Çeşid nə qədər çox olarsa, fərqli zövqlü müştəriləri cəlb etmək bir o qədər asan olur”.
S.Dübəndinin sözlərinə görə, qarşıdakı 2-3 ildə ölkədə səhər yeməyi mədəniyyəti daha da yayılacaq: “Artan urbanizasiya və gənc nəsil arasında vərdiş dəyişikliyinin davam etməsi ilə evdən kənarda səhər yeməyi daha da adiləşir. Hazırda yaşlı nəslin çoxu üçün adi olmasa da, yeni nəsil bunu normaya çevirir. İnsanlar işgüzar görüşlərini, dostlarla görüşmələrini tez-tez səhər yeməyi masası arxasında həyata keçirəcəklər ki, bu da həftəiçi səhər saatlarında da restoranlara tələbi artıra bilər. Həftəsonu “brunch” trendləri daha da populyarlaşacaq, “Sunday brunch” formatında xüsusi proqramlar (canlı musiqi, açıq bufet və s.) təkliflər artacaq. Dünyadakı sağlam qidalanma tendensiyası nəzərə alınsa, yaxın gələcəkdə menyuların daha da sağlamlaşacağını proqnozlaşdırmaq olar. Evdən kənarda səhər yeməyi etmək artıq lüks deyil – həyat tərzinə çevrilir”.(“Kaspi” qəzeti)