Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məşhur məmur qardaşların yaxın qohumunun cinayət işi üzrə proses davam etdiriləcək. Müttəhimlər kürsüsünə qalmaqallardan adı kəm olmayan İsa Əzizov çıxarılıb. Müttəhim Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq rəhbəri, səfir Məhərrəm Əliyev, eləcə də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin yaxın qohumudur.
Musavat.com xəbər verir ki, hakim Roman Ələkbərlinin sədrliyi ilə iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. İclasda İsa Əzizovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, eyni zamanda cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
İstintaq materiallarına əsasən, İsa Əzizov 2025-ci ilin sentyabr ayında “Sea Breeze” istirahət mərkəzində xuliqanlıq zəminində baş verən hadisədə təqsirləndirilir. İlkin mərhələdə onun barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanıb. Lakin ibtidai istintaq dövründə toplanmış sübutlar əsasında İsa Əzizovun əməlləri daha ağır maddələrlə tövsif edilib. Nəticədə ona qarşı Cinayət Məcəlləsinin 126.2.1-ci – sağlamlığa qəsdən ağır zərər vurma, 234.1-ci – satış məqsədi olmadan narkotik maddələrin saxlanılması maddələri ilə ittihamlar irəli sürülüb.
İsa Əzizov hüquq-mühafizə orqanlarına yad fiqur deyil. O, bir neçə il əvvəl Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüyünə görə həbs olunmuşdu. Həmin hadisədən sonra azadlığa buraxılan Əzizovun adı 2019-cu ildə yenidən ağır cinayət işində hallanıb. Belə ki, o, Bakının mərkəzində baş vermiş silahlı atışmada iştirak etdiyinə görə məsuliyyətə cəlb edilib. İstintaq materiallarında qeyd olunur ki, həmin vaxt İsa Əzizov onları polisə tabe olmağa çağıran əməliyyatçılara bıçaqla hədə-qorxu gəlib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində davam edəcək prosesdə ittiham aktının elan olunacağı gözlənilir.









