Məktəblilər arasında bıçaqlanma halları artır. Azərbaycanda cib bıçaqlarının satışı üzərində ciddi nəzarət olunmalı və bu barədə tədbirlər görülməlidir.
Tribuna.az xəbər verir ki, bu barədə keçmiş müstəntiq Müşfiq Abbasov paylaşım edib. O bildirib ki, bəzi məktəblilər maraq üçün cibində balaca cib bıçağı gəzdirir və bu faciəyə səbəb olur:
“İki gün öncə Tiktokda canlı yayımıma qoşulan şəxs 15 yaşlı oğlunun cib bıçağı ilə 16 yaşlı oğlanın baldır nahiyyəsinə bir zərbə vurduğunu və nəticədə zərərçəkənin qanitirmədən öldüyünü bildirdi. Demək, 15 yaşlı uşaq köşklərin birindən cib bıçağı alıb və dostları ilə zarafatlaşarkən bıçağı çıxarıb. Digəri də bildirib ki, onu çıxarmaq şərt deyil, əsas odur ki, istifadə edəsən. Həmin gənc bıçağı uşağın baldırına vurub. Nəticə də faciəli.
Təssüf ki, bu ilk belə hal deyil. 10-11-ci sinif uşaqlarının əksəriyyəti açılıb-bağlanan, içərisindən çıxan cib bıçaqlara meyl edir, bu cür bıçaqları alıb bellərində daşımaqda sanki qürur duyurlar. Heç bir gənc və yeniyetmə üzərində mətbəx bıçağı gəzdirmir.
Dostlar, elə ağır cinayətlər var ki, mübahisə anında onları törətmək üçün mütləq alət olmalıdır. Və biz bu aləti, yəni cib bıçaqlarını sankı uşaqlarımıza özümüz əlçatan etmişik. Belə bir cinayət alətinin olmaması cinayətin də qarşısını almaqda kömək edir. Əsəbi başda ağıl olmaz deyirlər. Əsəbləşən adam bir var yumruq ata, bir də var bıçaq vura.
Bu səbəbdən də hesab edirəm ki, Azərbaycanda cib bıçaqlarının satışı üzərində ciddi nəzarət olunmalı və bu barədə tədbirlər görülməlidir. Övladlarımızı qorumalıyıq”.
Gülşən Rəsul









