Türk və xarici dillərdən Azərbaycan dilinə çevrilən xəbərlərdə şəxs adlarının yazılışı ilə bağlı vahid yanaşmanın olmaması media məkanında müzakirə mövzusuna çevrilib. Bəzi xəbər saytları xarici şəxs adlarını dilimizin fonetik və orfoqrafik qaydalarına uyğunlaşdırdığı halda, digərləri adları orijinal dildə olduğu kimi təqdim edir. Bu fərqlilik oxucular arasında çaşqınlıq yaradır və jurnalist etikası ilə dil normaları baxımından suallar doğurur.
Türk və xarici dillərdən tərcümə edilən xəbərlərdə şəxs adlarının yazılışı ilə bağlı əsas norma hansıdır: orijinal formada saxlanılmalı, yoxsa Azərbaycan dilinə uyğunlaşdırılmalıdır?
Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən media eksperti, professor Qulu Məhərrəmli bildirib:
“Təəssüf ki, media materiallarında, informasiyalarda, analitik yazılarda Xarici mənbələrdən xüsusi isimlər, şəxs adları, coğrafi adlar, qurumların adları çox hallarda səhv yazılır”.
Professorun sözlərinə görə, Azərbaycan dilinin qaydalarında hələlik dəyişməyən bir norma var. Biz xarici mənbədən gələn sözü, xüsusən də adı onun səslənişinin Azərbaycan dilindəki qrafik işarəsini verməliyik.
Q. Məhərrəmli qeyd edib ki, çoxları “Röyters” yazır, halbuki o orjinal dildə tələffüzdə sonda “S” səsi yoxdur. Yazılışda ola bilər, Amma bizim üçün önəmli olan orijinal dildə səslənişin qrafik işarəsini verməkdir. Buna əməl edəndə heç bir problem olmayacaq.
Səslənişin əsas götürülməsinin səbəbini izah edən professor əlavə edib:
“Bizim istifadə etdiyimiz qrafika bir çox xalqlardan gələn qrafikadan fərqlənir. Tutaq ki, biz o qrafikanı götürsək, gərək ərəb, çin, yapon heroqrifləri ilə verək. Ona görə də hələ sovet dövründən bu cür qayda var. Hesab edirəm ki, çox mükəmməl qaydadır. Onu dəyişdirməyə də heç bir zərurət yoxdur. Və onun üstündən keçmək də doğru deyil. Bu qayda ilə yazılsa, hərc-mərcliyə son qoyular”.
Qulu Məhərrəmli sonda vurğulayıb:
“O ki qaldı ümumən Azərbaycan dilinə, xarici dillərdən alınan sözlərə, bu, ana dilimizdəki transkripsiya məsələsidir. Bununla bağlı təəssüf ki, vahid qayda yoxdur. 2013-cü ildə qəbul olunmuş dövlət proqramında bu Milli Elmlər Akademiyasında və başqa qurumlarda bu tövsiyə olunmuşdur. Təəssüf ki, bu məsələ indiyə qədər öz həllini tapmayıb.
Bununla bağlı konkret metodik tövsiyə və yaxud hansısa kitabçaya xüsusi ehtiyac yoxdur. Çünki bizim üçün orfoqrafiya qaydaları və orfoepiya normaları var. Bunlara əməl edəndə başqa vəsaitlərə ehtiyac qalmır. Bizim təəssüf ki, gənc həmkarlarımız yazı, ədəbi tələffüz normalarına çox bənd olmurlar. Nəticədə də belə nöqsanlar ortaya çıxır. Əlbəttə ki, hər televiziya, qurum özü üçün kortotek hazırlaya bilər. Xüsusi xidməti istifadə üçün qaydaların yazıldığı kitabçalar saxlaya bilər”.
Dəniz Pənahova










