Əli Cəfərov: “Məqsədimiz Qarabağ döyüşlərinin yaddaşlarda dərin iz buraxmasına nail olmaqdır”
Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin (İB) üzvləri Masallı rayonunun Qarğalıq kəndində Azərbaycan Ordusunun səngər generalı, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Polad Həşimovun fotosunun əhatəsində 44 günlük Vətən müharibəsində Qarğalıq ərazi nümayəndəliyindən şəhid olmuş Əzizov Elvin Əfrail oğlu, Hüseynov Rəfail Teymur oğlu və Xəlilov Gülşad Elşad oğlunun və eləcədə fəxrimiz Anar Novruzovun fotoları əks olunan baner vurublar.
Tribuna.az xəbər verir ki, banerdə Vətən müharibəsinin bir sıra detallarını əhatə edən kompozisiya əks olunmuşdur. Kompozisiyanın üzərində müharibənin əsas devizi olmuş, dövlət başçısı İlham Əliyev cənablarının qürurla söylədiyi “Qarabağ Azərbaycandır!” şüarı və masallılı şəhidlərin həyat və döyüş yolundan bəhs edən, İB sədri Əli Cəfərovun müəllifliyi ilə çap olunmuş “Qarabağ Səmasının Sönməyən Ulduzları” kitabının təsviri işlənilmişdir. Bir sıra döyüş komponentlərinin də şəkilləndirildiyi banerin vurulması prosesində kənd camaatından nümayəndələr iştirak etmiş, onlar da bu nümunəvi işlərə görə İB-in üzvlərinə öz minnətdarlıqlarını ifadə etmişlər.
İB-sədri Əli Cəfərovun jurnalistlərə verdiyi açıqlamada bildirmişdir ki, banerin qaldırılmasında məqsəd şəhidlərimizin müqəddəs ruhlarına ehtiram göstərilməsi ilə yanaşı, gənclərimizdə vətənpərvərlik tərbiyəsinin təbliğinə, milli ruhun yüksəldilməsinə xidmət etmək, həmçinin Qarabağ həqiqətlərinin yaddaşlarda daha dərindən iz buraxmasına yardımçı olmaqdır. Birlik sədri belə nümunələrin ölkəmizin bütün bölgə və kəndlərində yaradılmasının vacibliyini bildirmişdir.













