“Son vaxtlar bəzi banklarda “faizdən faiz tutulması” halları artır. Bu, borcalan kreditin əsas məbləğini və faizi vaxtında ödəyə bilmədikdə yaranır”.
Bunu Demokrat.az-a açıqlamasında bank məsələləri üzrə mütəxəssis Nahid Rəfail deyib.
Onun sözlərinə görə, gecikmə olduqda faiz borcu formalaşır:
“Daha sonra həmin faiz borcunun üzərinə yenidən faiz hesablanır. Bu proses borcun sürətlə böyüməsinə səbəb olur. Nəticədə borcalan üçün ödənişlər daha da çətinləşir. Bir çox insan bu qaydanın mövcud olduğunu əvvəlcədən bilmir. Çünki müqavilələrdə bu şərtlər adətən mürəkkəb dildə yazılır. Qanuna görə, faizdən faiz yalnız müqavilədə açıq göstərildiyi halda tətbiq oluna bilər. Amma sosial baxımdan bu yanaşma düzgün sayılmır. Bu, insanların maliyyə vəziyyətini daha da ağırlaşdırır. Daha sağlam yanaşma borcun artırılması deyil, onun ödənilməsinə kömək etməkdir. Banklar gecikmə zamanı möhlət verə, borcu yenidən tənzimləyə bilər. Vətəndaşlara isə tövsiyə olunur ki, kredit götürərkən bütün şərtləri diqqətlə oxusunlar və gecikmə halında nə baş verəcəyini dəqiqləşdirsinlər”









