“Kontakt Home”un dövlətə borcunun məbləği açıqlandı

“Kontakt Home”un dövlətə borcunun məbləği açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” şirkətinin dövlətə borcunun miqdarı məlum olub.

Tribuna.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.

Belə ki, şirkətin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə hazırda 2 038 711,83 manat vergi borcu mövcuddur.

Xatırladaq ki, “ABC-Telecom” ötən ilin oktyabrından bəri dövlət qarşısında borcla üzləşib və həmin vaxt şirkətin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 7,7 milyon manata yaxın vergi borcunun olduğu üzə çıxıb.

Onu da bildirək ki, ötən ilin noyabr ayında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” şirkətinin haqsız rəqabətə yol verdiyi ilə bağlı məlumat yayıb. Qeyd edilib ki, mağazalar şəbəkəsinin “HOFFMANN” markalı elektrik qızdırıcılarının satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə etdiyi, məhsulların faktiki istehsalçısının Çin şirkəti olmasına baxmayaraq, qablaşdırmada Almaniyaya aid ifadə və təsvirlərdən istifadə etməklə onların həmin ölkədə istehsal olunduğu təəssüratı yaratdığı və bununla da, Rəqabət Məcəlləsinin tələblərini pozduğu müəyyən edilib. Yol verilmiş haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməmələri barədə “ABC-Telecom”a icrası məcburi göstərişlər verilib. Xatırladaq ki, “ABC-Telecom” 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi və “Kontakt” mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadədir.