Vətəndaş Aqil Ağayev “Kontakt Home” mağazalar şəbəkəsində üzləşdiyi problemi ictimailəşdirib.
Tribuna.az xəbər verir ki, onun sözlərinə görə, bu ilin mayında “Kontakt Home”dan aldığı planşetdə cəmi 20 gün normal işlədikdən sonra nasazlıq yaranıb.
Ağayev bildirib ki, problemi həll etdirmək üçün dəfələrlə mağazaya müraciət etsə də, məsələ həllini tapmayıb.
O iddia edir ki, planşetin təmiri ilə bağlı dörd dəfə mağazaya getməli olub, daha sonra isə servizə yönləndirilib.
Vətəndaşın sözlərinə görə, serviz mərkəzinin iş saatlarının məhdud olması səbəbindən yenidən getməyə məcbur qalıb və ümumilikdə beşinci dəfə bu məsələ ilə bağlı müraciət edib.
Ağayev qeyd edib ki, narazılığı məhsulun nasaz çıxmasından daha çox, ona göstərilən xidmət və süründürməçiliklə bağlıdır. O, həmçinin bildirib ki, məsələ ilə əlaqədar şirkətin sosial şəbəkə hesabına yazdıqdan sonra müştəri xidmətləri ilə danışığında da narazı qalıb.
Vətəndaş paylaşımının sonunda bir daha “Kontakt Home”dan alış-veriş etməyəcəyini bildirərək, şirkətin müştəri xidmətlərinin səviyyəsini tənqid edib.
Paylaşıma reaksiya verənlər də “Kontakt Home” məhsullarını, filiallardakı xidməti tənqid ediblər.
Qeyd edək ki, bu iddialar vətəndaşın şəxsi paylaşımına əsaslanır. Məsələ ilə bağlı “Kontakt Home”un mövqeyini dərc etməyə hazırıq.
Gülşən Rəsul










