Bəzi bankların sistemlərində boşluğun olduğu bildirilir.
Müddəti bitmiş bank kartından artıq istifadə etmək mümkün deyil. Lakin araşdırmanın nəticələrinə görə, bu, heç də həmişə belə olmur. Massaçusets-Amherst Universitetinin tədqiqatçıları bəzi vaxtı keçmiş kartlardan ödəniş etmək imkanı yaradan təhlükəsizlik boşluğu aşkar ediblər.
Tribuna.az xəbər verir ki, Raketa nəşrinin yazdığına görə, bu boşluq hətta oğurlanmış və artıq dəyişdirilmiş bank kartından da istifadə etməyə imkan verə bilər. Nəticədə kart sahibi gözlənilməz problemlərlə üzləşə bilər.
Tədqiqatçıların fikrincə, problem bank kartının özünün və ona bağlı hesabın istifadə müddətlərinin bir-birinə uyğun gəlməməsi ilə əlaqədardır. Alimlər ödəniş terminalını aldatmaq üçün iki adi smartfon və sadə proqram təminatından istifadə ediblər.
Telefonlardan biri kartı aktivləşdirərək onun məlumatlarını ötürür, ikinci telefon isə həmin məlumatlar terminala göndərilməzdən əvvəl kartın son istifadə tarixini dəyişir. Beləliklə, kart artıq etibarsız olsa da, terminalda onun gələcək tarixə qədər qüvvədə olduğu göstərilə bilər.
Bu üsul ona görə işləyə bilər ki, kartın istifadə müddəti lazımi səviyyədə qorunmur. Bundan əlavə, karta bağlı rəqəmsal sertifikatın etibarlılıq müddəti fiziki kartın üzərində göstərilən tarixdən daha uzun ola bilər. Bu səbəbdən həmin sertifikatın müddəti də əməliyyatın qarşısını almağa kifayət etməyə bilər.
Tədqiqatçıların sözlərinə görə, onlar bu üsulu yerli restoran və mağazalarda sınaqdan keçirə biliblər.
Bununla belə, bütün bank kartları bu boşluğa qarşı həssas deyil. Əlavə təhlükəsizlik mexanizmlərinə malik rəqəmsal pulqabılar isə belə fırıldaqçılıq üsuluna qarşı daha davamlı olub.
Mütəxəssislər buna görə də müddəti bitmiş bank kartlarını adi zibil qutusuna atmağı məsləhət görmürlər. Kartları məhv etmək, həmçinin artıq bağlanmış bank hesabları üzrə aparılan əməliyyatları nəzarətdə saxlamaq tövsiyə olunur.
İmran Kərimli









