Koçaryan “alternativ” marşrut tapıb

Koçaryan “alternativ” marşrut tapıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan alternativ variant – Abxaziya dəmir yolunun yenidən işə salınması olduğu halda, Rusiya ilə quru əlaqəsini Azərbaycanın iradəsindən asılı olan sxem üzrə qurmamalıdır”.

Tribuna.az bildirir ki, bu “ideya” Ermənistanın keçmiş prezidenti Robert Köçəryana məxsusdur.

Onun sözlərinə görə, Azərbaycandan keçən yoldan təxminən 700 kilometr qısa olan bu dəmir yolunun bərpası üçün danışıqlara başlamaq lazımdır. “TRIPP ABŞ-ın Əliyevə hədiyyəsidir, amma bu hədiyyəni Ermənistan və erməni xalqı ona verir”.

Koçaryan iddia edir ki, TRIPP-nin tikintisi milyardlarla dollar investisiya tələb etmir. “Bu layihə üzrə maksimum investisiya 100 milyon dollardır”.

Keçmiş prezident onu da iddia edib ki, TRİPP-in şaxələnməsi lazımdır. “Əgər TRIPP bir layihə olaraq genişlənməsə və Arazdəyənə  gedən yolu əhatə etməsə, Ermənistan-İran dəmir yolu bağlantısını təmin etməsə, yalnız kiçik bir tranzit olacaq və Ermənistan bundan faydalana bilməyəcək”.

Qeyd edək ki, Abxaziya yolu 1990-cı ildən bağlıdır. Buna səbəb də həmin bölgənin Rusiyanın vasitəsi ilə Gürcüstandan qoparılmasıdır. Hazırda aktiv olmasa da, münaqişə bölgəsi olan Abxaziyadan dəmir yolunun açılması Tiflisin də marağında deyil.

Koçaryanın təklifi isə Ermənistanı yenidən dolaşığa salmaq, açılması real olmayan marşruta sürükləmək və bununla da blokada qalmasını təmin etməkdir. Eyni zamanda, Rusiya asılılığının qalmasına nail olmaqdır.

Fərda Uğur