Avropanın şəhərlərində yüksək maaş almaq həmişə daha rahat yaşamaq demək deyil. Mənzil kirayəsinin qiyməti ailənin aylıq büdcəsinə ciddi təsir göstərir və bəzi şəhərlərdə iki nəfərin qazancı belə yüksək kirayə xərcləri qarşısında yetərli olmaya bilər.
Tribuna.az xarici mətbuata istinadən xəbər verir ki, Euronews Business nəşri Deutsche Bank Araşdırma İnstitutunun “Mapping the World’s Prices 2026” hesabatına əsasən, Avropanın 28 şəhərində kirayə ödənildikdən sonra ailələrin sərəncamında qalan məbləği müqayisə edib.
Araşdırmada hər iki şəxsin işlədiyi və yerli xalis maaş aldığı cütlüklər nəzərə alınıb. Hesablamada şəhər mərkəzində üçotaqlı mənzilin kirayəsi çıxıldıqdan sonra qalan vəsait müəyyənləşdirilib.
Siyahıda İsveçrə şəhərləri ön sıralarda yer alıb. Sürixdə cütlüyün kirayədən sonra aylıq 9 140 avro, Cenevrədə isə 8 783 avro pulu qalır. Lüksemburqda bu göstərici 5 890 avro təşkil edir.
Böyük Britaniyada da şəhərlər arasında nəzərəçarpan fərq var. Birmingemdə kirayədən sonra 5 238 avro qaldığı halda, Londonda bu məbləğ 3 148 avrodur. Əsas səbəb paytaxtda mənzil kirayəsinin xeyli baha olmasıdır.
Almaniyanın Berlin şəhəri də bu müqayisədə Parisdən üstün olub. Berlində cütlüyün aylıq sərəncamında 3 554 avro, Parisdə isə 3 336 avro qalır. Parisdə maaşlar daha yüksək olsa da, mənzil kirayəsi də bahadır.
Cənubi Avropa şəhərlərində vəziyyət daha çətindir. Milanda kirayədən sonra cəmi 697 avro, Afinada 1 148 avro, Romada isə 1 265 avro qalır. Madrid və Barselonada bu məbləğ müvafiq olaraq 1 905 və 1 832 avrodur.
İstanbul da siyahının sonlarında qərarlaşıb. Araşdırmaya əsasən, şəhərdə iki nəfərin maaşından mənzil kirayəsi çıxıldıqdan sonra ayda 353 avro qalır. Praqada bu göstərici 2 054 avro, Varşavada 1 985 avro, Budapeştdə isə 1 548 avrodur.
Araşdırmada mühüm məqam ondan ibarətdir ki, hesablamalar yalnız kirayə xərcini nəzərə alır. Ərzaq, kommunal xidmətlər, nəqliyyat və digər gündəlik xərclər çıxılmadığından, göstərilən məbləğ ailələrin real yığımlarını əks etdirmir.
İmran Kərimli









