Kinoya, teatra və muzeylərə müntəzəm getmək təkcə asudə vaxt keçirmək deyil, həm də sağlamlığa müsbət təsir göstərə bilər. Yeni araşdırmaya görə, mədəni tədbirlərdə fəal iştirak edən insanların orqanizmi bioloji baxımdan orta hesabla 3 il daha gənc olur.
Tribuna.az xəbər verir ki, bu barədə Martha Stewart nəşri yazıb.
Yaponiyanın Tokio Elm İnstitutunun alimləri mədəni fəaliyyətlə fizioloji (bioloji) yaş arasındakı əlaqəni araşdırıblar. Onlar İngiltərədə aparılan uzunmüddətli yaşlanma tədqiqatında iştirak edən 50 yaşdan yuxarı 1899 nəfərin məlumatlarını təhlil ediblər.
Tədqiqat çərçivəsində iştirakçıların nəbz təzyiqi, arterial təzyiqi, ağciyər funksiyası, hemoqlobin səviyyəsi, qanda şəkər göstəriciləri, LDL xolesterin, bədən kütlə indeksi, əl sıxma gücü və yerimə sürəti daxil olmaqla 10 fizioloji göstəricisi qiymətləndirilib. Bu məlumatlar əsasında onların bioloji yaşı hesablanıb.
Bundan əlavə, iştirakçılar kinoya, muzeyə, rəsm qalereyasına, teatra, konsertə və ya operaya nə qədər tez-tez getdikləri ilə bağlı sorğunu cavablandırıblar.
Journal of Epidemiology and Community Health jurnalında dərc olunan nəticələr göstərib ki, mədəni tədbirlərdə bir neçə aydan bir və ya daha tez-tez iştirak edənlərin orta bioloji yaşı 66,9 il, nadir hallarda iştirak edənlərdə isə 69,9 il olub. Yəni fərq təxminən 3 il təşkil edib.
Araşdırmaya görə, mədəni fəallıq göstəricisində hər əlavə bal bioloji yaşın orta hesabla 31 gün azalması ilə əlaqələndirilib. Bu nəticələr ailə gəliri, məşğulluq vəziyyəti və xroniki xəstəliklər kimi amillər nəzərə alınmaqla əldə olunub.
Alimlər hesab edirlər ki, mədəni tədbirlər sosial əlaqələri gücləndirir, psixi sağlamlığı yaxşılaşdırır və daha sağlam həyat tərzini təşviq edir. Bu amillər isə fizioloji qocalma prosesini ləngidə bilər.
Bununla yanaşı, tədqiqat müəllifləri bildirirlər ki, nəticələr səbəb-nəticə əlaqəsini tam sübut etmir. Ola bilər ki, sağlam insanlar mədəni tədbirlərdə iştirak etmək üçün daha çox imkana malikdirlər. Bundan əlavə, araşdırmada iştirakçıların sayı nisbətən az olub.
Daha əvvəl Innovation in Aging jurnalında dərc olunan başqa bir araşdırma da göstərmişdi ki, həftədə ən azı bir dəfə rəsm çəkmək, mahnı oxumaq, rəqs etmək, fotoqrafiya ilə məşğul olmaq və ya muzey, kitabxana və sərgilərə getmək bioloji qocalmanı təxminən 4 faiz ləngidə bilər. Bu təsir müntəzəm fiziki aktivliyin yaratdığı faydaya yaxın hesab olunur.
İmran Kərimli









