Kəndlərdə soğanı pulsuz paylayırlar — Bakıda niyə baha satılır?

Kəndlərdə soğanı pulsuz paylayırlar — Bakıda niyə baha satılır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə yayılan görüntülərdən birində satıcının anbar dolusu cücərmiş soğanların üzərinə çıxaraq onları pulsuz payladığı əks olunub. Hadisə həm məhsulun saxlanma şəraiti, həm də vaxtında bazara çıxarılmaması ilə bağlı suallar doğurur. Bu görüntü ərzaq itkisi və anbarlarda düzgün idarəetmənin vacibliyi məsələsini yenidən gündəmə gətirir.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, böyük həcmdə, hətta bir neçə maşın dolusu pomidorun küçələrə və ya su kanallarına boşaldıldığını görmüşəm:

“Eyni vəziyyət qarğıdalı, yemiş və digər kənd təsərrüfatı məhsullarında da müşahidə olunur. Bəzən bu məhsulların zibilliyə atıldığı da olur. Məsələ ondadır ki, fermer və ya satıcı məhsulu yetişdirərkən və bazara çıxararkən ciddi xərclərlə üzləşir. Lakin məhsul satılmadıqda, anbar və saxlanma xərcləri də əlavə yük yaradır. Nəticədə bəzi hallarda fermer üçün məhsulu satmaqdan daha sərfəli onu atmaq kimi qərar vermək məcburiyyəti yaranır”.

Ekspert keçmiş dövrlərdən nümunə çəkərək qeyd edib ki, bazarın tələbatı əvvəlcədən dəqiq öyrənildikdə həm itkilərin qarşısını almaq, həm də yüksək qazanc əldə etmək mümkündür. Hazırda isə uyğunsuz bazar qiymətləri və yüksək saxlanma xərcləri kənd təsərrüfatı məhsullarının zibilə atılmasına şərait yaradır.

“Sovet dövründən bir nümunə xatırlayıram. Bir tanışım kənd təsərrüfatı məhsullarının ticarəti ilə məşğul olurdu və SSRİ Dövlət Plan Komitəsi ilə əlaqələri vardı. O, əvvəlcədən hansı məhsulun nə qədər tədarük ediləcəyini və bazar tələbatını dəqiq öyrənərək işini planlaşdırırdı və qısa zamanda böyük qazanc əldə etmişdi. Bu, planlaşdırmanın nə qədər vacib olduğunu göstərən bir nümunədir. Çünki kənd təsərrüfatında proqnozlaşdırma olmadıqda, fermerlər eyni məhsulu kütləvi şəkildə əkir, nəticədə bazarda təklif tələbi üstələyir. Bu isə qiymətlərin kəskin düşməsinə və məhsulun rentabelli olmamasına gətirib çıxarır. Bu gün də oxşar vəziyyət mövcuddur. Məsələn, Quba və Qusar kimi bölgələrdə təkcə soğan deyil, bir çox meyvə və tərəvəz məhsullarında eyni problemlə rastlaşmaq mümkündür. Saxlanma xərcləri və bazar qiymətlərinin uyğun olmaması səbəbindən məhsullar ya ucuz qiymətə satılır, ya da məhv edilir”,- deyə o qeyd edib.