Kəlbəcər rayonundan məcburi köçkün olan Şəmsəddin adlı vətəndaş Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdən şikayətçidir.
Tribuna.az xəbər verir ki, ağır şəraitdə yaşayan şikayətçi bildirib ki, Kəlbəcərə köç üçün dəfələrlə müraciət etsə də, onun müraciətinə baxan olmayıb. Şəmsəddin bəy bildirib ki, ona hər köçdə göndəriləcəyi bildirilib, lakin hələ də doğma yurduna gedə bilmir:
“İlk qayıdışda “Qaçqınkom”dan soruşmuşdular ki, qayıtmaq istəyirsizmi?. Mən bildirdim ki, bəli, qayıdıram Kəlbəcərə. Ev şəraitimə də baxdılar və bildirilər ki, şəraitiniz çox acınacaqlıdır, ona görə də ilk köçdə köçürəcəyik. Lakin ilk köçdə də köçürmədilər, ikinci köçdə də köçürmədilər.
Evimizə dəfələrlə gəlib baxıb, şəraitiminin acınacaqlı olduğunu görüblər. Bildiriblər ki, köçürəcəyik sizi. Amma üçüncü köçdə də bizə məlumat verilmədi.
Mən Rövşən Rzayevin qəbulunda da olmuşam. O da bildirdi ki, narahat olmayın, 2026-cı ilin yanvarında sizi köçürəcəyik. Üzərindən 4 ay keçib. Biz hələ də bu ağır şəraitdə qalmışıq. Ancaq köçürmürlər bizi hələ də”.
Acınacaqlı və olduqca təhlükəli şəraitdə yaşayan şikayətçi köçürülməsinin tezləşdirilməsini istəyir. O bildirib ki, hazırda məskunlaşdığı Binəqədi rayonu, Azadlıq prospektindəki bina təhlükəli vəziyyətdədir:
“Biz 4 nəfərlik ailə bir otaqda yaşayırıq. Şəraitimiz çətin və ağırdır. Mənim kənarda nə bir evim, nə mülküm var. Heç hinim də yoxdur. Xahiş edirəm ki, köçürülmə zamanı məni və ailəmi də nəzərə alsınlar”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul









