Son günlər imtahan suallarının əvvəlcədən abituriyentlərə ötürüldüyü iddiaları ilə gündəmə gələn təhsil eksperti Kamran Əsədov ətrafında müzakirələr səngimir. Hadisə cəmiyyətdə ciddi rezonans doğurub. İctimaiyyətin bir hissəsi bu yolla ali məktəblərə qəbul olunan tələbələrin universitetlərdən xaric edilməsini, eyni zamanda prosesdə iştirak edən valideynlərin də məsuliyyətə cəlb olunmasını tələb edir. Bəs valideynlər və saxta yolla universitetə qəbul olunanlar hüquqi baxımdan cavabdeh sayıla bilərmi?
Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən hüquqşünas-vəkil Ruslan Mustafazadə bildirib ki, öncədən hər hansısa bir münasibət bildirmək olduqca çətindir.
R. Mustafazadənin sözlərinə görə, bu istiqamətdə hələ ki, kifayət qədər araşdırma aparılmayıb. Sadəcə olaraq ilkin məlumatlardır. Həmin ekspert tərəfindən abituriyentlərə qaydalara zidd olan, qaydaları pozmaqla hansı formada köməkliyin göstərildiyi məsələləri hələ də kifayət qədər araşdırılmayıb. Mən düşünürəm ki, bu istiqamətdə ətraflı araşdırma aparılacaq.
“Kamran Əsədovun köməyindən istifadə edən abituriyentlər və onların valideynləri dindiriləcəklər. Onların izahatları alınacaq. Yalnız bundan sonra hüquqi münasibət bildirmək olacaq. Yəni, bütün baş verən hadisənin məğzini bildikdən sonra hüquqi tərəfdən münasibət bildirmək mümkündür. İlkin məlumatlara əsasən demək olar ki, sübut olunduğu təqdirdə həmin ittihamlar ümumiyyətlə, həmin abituriyentlərin təhsil aldıqları müəssisələrdən kənarlaşdırılması hətta təhsil alıb qurtaran şəxslərin diplomlarının ləğvi məsələləri gündəmdə ola bilər. Bu şəxslərin valideynlərinin gələcəkdə məsuliyyətə cəlb olunması fikirləri də əlbəttə ki, səslənir. Bu istiqamətdə böyük ehtimal ki, addımlar atılmayacaq. Valideynlərin maraqları bu məqamda başa düşüləndir. Təbii olaraq onlar da qaydaları pozub. Təkliflə razılaşıblar. Ekspertin həmin fəaliyyətə cəlb olunmasında iştirak ediblər. Böyük ehtimalla belə şəxslərin sayı çoxdur. Onların hər birinin məsuliyyətə cəlb olunma ehtimalı açığı ağlabatan görünmür. Amma tələbələrin müəyyən olunması, təhsildən kənarlaşdırılması və ya diplom almış şəxslərin diplomlarının belə ləğv olunması ehtimalları kifayət qədər ağlabatandır. Düşünürəm ki, bu istiqamətdə müəyyən tədbirlər görüləcək”.
Dəniz Pənahova










