Tribuna.az xəbər verir ki, musavat.com-un növbəti həmsöhbəti xalq artisti Bilal Əliyev olub. Uzun müddətdir efirlərdə görünməyən müğənni saytımıza fəaliyyətindən, yeni mahnılarından və özü ilə bağlı maraqlı məqamlardan söz açıb. O bildirib ki, Həccə gedərkən özü ilə Məkkəyə apardığı Azərbaycan bayrağını Şuşada İsa bulağının yanında sancıb.
-8 il bundan öncə Məkkəyə, Həcc ziyarətinə getmişdim. Oraya özümlə Azərbaycan bayrağını aparmışdım. Allahın evində ona yalvardım ki, torpaqlarımız geri qayıtsın, 30 ildir ki, həsrət çəkirik. Əhd etmişdim ki, Şuşa azad olunsun və həmin bayrağı İsa bulağının üstündə sancım. Çox şükür olsun ki, bu bizə qismət oldu. Bayrağı ora sancandan sonra bir nəfər məndən halallığını alıb götürdü və indi evində saxlayır.
Yeri gəlmişkən, Vətən müharibəsinə, Zəfərimizə həsr olunmuş yeni mahnı da yazdırmışam. Hələ ifa etməmişəm. Orada prezident İlham Əliyevin, türkiyəli həmkarı Ərdoğanın və ordumuzun, xalqımızın birliyinin adı çəkilir.
-Bilal bəy, deməli, hacısınız…
-Bəli, hacıyam, 10 dəfə həccə getmişəm. İsti havanı sevirəm deyə yol mənə çətin gəlmir. Nə vaxt ürəyim istəsə, 11-ci dəfə də gedərəm.

-Namaz da qılırsınız?
-Bizi yaradan Allaha inanan insanam. Namazı ancaq evimdə qılıram. Məscidlərə namaz qılmaq üçün getmirəm.
-Toylara da getməyə davam edirsiniz?
-Əlbəttə, gedirəm, amma əvvəlki kimi bütün toyu aparmıram. Yarım saat oxuyuram və oranı tərk edirəm.
-Yəqin yaş öz sözünü deyir…
-Doğrudur, gənclik başqadır. Amma gənclikdə də yaşlı vaxtlarında əldə etdiyin təcrübə olmur. İnsan yaşlaşdıqca daha da çox bilir, ağıllı olur. Mən geri boylananda Allaha şükür edirəm ki, çox şərəfli bir yol keçmişəm. Xalqıma xidmət etmişəm, haqq-ədalət yolunda, ölkə rəhbərliyinin yanında olmuşam.
-Yeri gəlmişkən, müğənnilər bəzən fantastik qiymətə toya gedirlər. Siz də bir zamanlar yüksək məbləğə getdiyinizi demişdiniz. İndi vəziyyət necədir?
-Əvəllər qiymət deyirdik, gənc idik, toylarımız çox olurdu. Bir ayın 30 gününün hamısını toyda olurduq. Ancaq pandemiyadan sonra vəziyyət dəyişdi.Xalq kasıbladı, toylar azaldı. Ona görə də dedim ki, qalan ömrümü xalqımla birgə olacam və xalqım nə istəsə onu edəcəm. Məsələn, desə ki, toyda havayı oxu və ya aşağı məbləğlə ifa et, edəcəyəm. Çünki xalqa xidmət etmək lazımdır. Bizi bu zirvələrə qaldıran xalq olub. Bu gün hər şeyimiz var. Bunu xalq edib də. Ona görə də ömür böyu onlara borcluyuq. Bu baxımdan toya gedəndə hər iki tərəfə uyğun edirəm.

-Hazırda gündəlik qrafikiniz necədir. Daha çox nə ilə məşğul olursunuz?
-Ən azı 4-5 saatım sosial şəbəkələrdə keçir. Kompüter arxasında əyləşib xəbərləri oxuyuram, saytları izləyirəm. Daha sonra 2-3 saat musiqi ilə məşğul oluram, səsimi açıram.
-Bəs mütaliə?
-Mən “KamAZ” – “KamAZ” kitablar oxumuşam. İndi də davam edirəm. Hətta internet vasitəsi ilə də kitab oxuyuram.
-Belə başa düşdüm ki, sosial şəbəkələrdən, internetdən aktiv istifadə edirsiniz..
-Mən bütün sosial şəbəkələrdə varam və özüm istifadə edirəm. Əvvəllər “TikTok”da canlı yayıma da çıxırdım. İndi isə vaxtım olmur.
-Sənətin ən çox hansı dövrü üçün darıxırsınız?
-Ulu öndər sağ idi və onun tapşırığı ilə bütün tədbirlərdə iştirak edirdim. Bax, həmin dövrlərin həsrətini çəkirəm.

-Əvvəllər daha çox ağ kostyumlardan istifadə edirdiniz. İndi də məclislərə gedəndə ağ geyinirsiniz?
– Ulu öndər Heydər Əliyev dünyasını dəyişəndən sonra mən 21-22 il o kostyumları geyinmədim. Bu yaxınlarda isə ağ kostyumumu geyinib “Tarixin bir günü” verilişinə qatıldım. Televizyalara 100 dəvətdən birinə gedirəm. Yersiz verişilərə çıxmaq istəmirəm. Elə mövzular qoyurlar ki, mənə aid olmur. Məni ifa etmək üçün çağırsınlar da. Bir də görürsən ki, efirdə hansısa cavan müğənnini tərifləyirlər. Mən o verilişdə onu təriləməsəm, pis adam olacağam, tərif desəm, söyəcəklər. Deyəcəklər ki, sən bu musiqinin alimisən, niyə yalandan tərif edirsən.
-Şou-bizneslə əlaqəniz necədir?
-Bəli, var. Sənətçilərin hamısı dostumdur. Pisi ilə də, yaxşısı ilə də dostluq edirəm.









