Politoloq Elxan Şahinoğlu İran mühafizəkarlarına bağlı sayt və sosial şəbəkə hesablarının təxribat xarakterli paylaşımlar etdiyi Azərbaycanın iki televiziya aparıcısının müdafiəsinə qalxıb.
Tribuna.az xəbər verir ki, politoloq bildirib ki, Azərbaycan dövlətinin müvafiq qurumları məsələyə reaksiya verməlidir:
E.Şahinoğlunun fikrincə, İran yönlü mənbələr Azərbaycan jurnalistlərinə qarşı məqsədli şəkildə manipulyativ şəkillər və statuslar yayır. O, xüsusilə tanınmış televiziya aparıcıları Nigar Sabirqızı və Rusif Məmmədsoyun hədəfə alındığını vurğulayıb.
“İran mühafizəkarlarına bağlı saytlar və şəxslər Azərbaycanın aparıcı jurnalistlərinə qarşı təxribatçı şəkillər və statuslar paylaşır. Misal üçün, Nigar Sabirqızı və Rusif Məmmədsoya qarşı belə təbliğat aparılıb”, – deyə Elxan Şahinoğlu qeyd edib.
Politoloq hesab edir ki, bu cür fəaliyyətlər təsadüfi deyil və informasiya müharibəsinin tərkib hissəsidir. Onun fikrincə, Azərbaycan dövlətinin müvafiq qurumları məsələyə reaksiya verməli və bu təxribatların ilkin mənbəyini müəyyənləşdirməlidir.
“Elə bu səbəbdən də Nigar xanım və Rusif bəy kimi ölkənin tanınmış televiziya simalarına qarşı aparılan kampaniyalar ciddi şəkildə araşdırılmalıdır. Bu məsələyə diqqət yetirilməlidir”, – deyə politoloq əlavə edib.
Nigar İxtiyarqızı











