Bu gün ABŞ və İran arasında İslamabadda danışıqların ikinci raundu keçirilə bilər.
Tribuna.az xəbər verir ki, ABŞ artıq Uitkof və Kuşnerin rəhbərliyi ilə nümayəndə heyətini Pakistana göndərib.
Lakin İran dünən bu görüşdən imtina etdiyini açıqlayıb. Hökumətin nəzarətində olan İRNA Agentliyi məlumat yayıb ki, Tehran danışıqlardan imtina edib. Rəsmi açıqlamada bildirilir ki, buna səbəb ABŞ-nin mövqeyində tez-tez dəyişiklik etməsi, eyni məsələlərlə bağlı ziddiyyətli bəyanatlar verməsidir.
İranın danışıqlardan imtina etməsinin bir neçə səbəbi daha çox müzakirə mövzusudur. Söhbət rəsmi açıqlanan səbəblərdən getmir. Məsələ belədir ki, 40 günlük müharibədən sonra İranda hakimiyyəti tamamilə nəzarətinə almış SEPAH ABŞ-la heç bir danışıq aparmaq istəmir. Əsas komandanlarını itirən və yeni üzvlərin sayəsində ayaqda qalmağa çalışan SEPAH-ın əsas məqsədi ABŞ-la sona qədər savaşmaq və onu bölgədən çıxarmaqdır.
Bunu hərbi kontingentin rəsmiləri də açıq şəkildə dilə gətirirlər. Onlar mütəmadi olaraq mediaya verdikləri müsahibələrində birmənalı olaraq bildirirlər ki, ABŞ-la danışıqlar heç bir fayda verməyəcək. O səbəbdən də bu mərhələdə vaxt itirməkdənsə, ABŞ-ın bölgədən qovulması üçün mübarizə aparmalıdırlar.
Lakin görünən odur ki, İranın bu yanaşması müharibənin yenidən başlanması demək olacaq. Çünki artıq ABŞ prezidenti Donald Tramp da bəyan edib ki, İslamabadda görüş olmazsa, İrana raket zərbələri endirməyə başlayacaqlar.
Fərda Uğur









