İş yerlərində qadınlar üçün bu qaydalar dəyişdirilir

İş yerlərində qadınlar üçün bu qaydalar dəyişdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri artırılacaq.

Tribuna.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas vəzifələri olacaq:

– Dövlət, kommersiya və vergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;

– Əmək Məcəlləsində müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək.

Ezamiyyət işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçinin müəyyən olunmuş müddətə iş yerindən başqa yerə işəgötürənin qanunauyğun tapşırığını yerinə yetirmək üçün getməsi hesab ediləcək.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

***

Qadınlar üçün natamam iş vaxtı müəyyən edilən hallar və həkim müayinəsi zamanı əmək haqqının saxlanılması qaydalarında dəyişiklik ediləcək.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, hamilə, 14 yaşına çatmamış uşağı, yaxud əlilliyi olan uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əmək haqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir.

Layihəyə əsasən, onlara natamam iş günü və ya natamam iş həftəsində işlənmiş vaxta mütənasib əmək haqqının ödənilməsi müddəası aradan qaldırılır.

Mövcud qanunvericiliyə görə, hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əmək haqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.