“İran qonşularının heç bir ehtiyatsız hərəkətinə dözməyəcək”.
Tribuna.az xəbər verir ki, bunu iranlı ekspert Ehsan Movahidian deyib.
O bildirib ki, əgər müharibə genişlənərsə, Qafqaz yollarının əhəmiyyəti artacaq. “İran Zəngəzur dəhlizi və “Tramp yolu”nun yaradılmasına daha qətiyyətlə müqavimət göstərəcək”.
Movahidianın sözlərinə görə, Hörmüzün bağlanması və Fars körfəzinin təhlükəli olması İran-Ermənistan-Azərbaycan-Rusiya – ticarət və hərbi baxımdan daha vacib hala gələcək.
İranlı ekspert hesab edir ki, Zəngəzur dəhlizi və “Tramp yolu”nun yaradılması səbəbindən İran əvvəllər Qafqazda sərhədlərin dəyişdirilməsini qəbul etmədiyini bildirmişdi. “Azərbaycan və Türkiyənin nəzarəti altında dəhlizin yaradılması İranla Ermənistan arasında birbaşa əlaqəni azaldacaq. Buna görə də, İran Ermənistan və Azərbaycanın mövcud sərhədləri dəyişdirmək və sərhədlər yaxınlığında ABŞ-ın təsir dairəsi yaratmaq cəhdlərini qəbul etməyəcək”.
O hesab edir ki, əgər müharibə tez başa çatsa, Qarabağın hazırkı statusu dəyişməz qalacaq. “Xüsusən də Ermənistan hökuməti artıq həmin əraziyə iddia irəli sürmədiyi üçün. Əgər İran müharibə nəticəsində zəifləsə, Türkiyə və Azərbaycan Qafqazda daha sərbəst fəaliyyət göstərə bilər və Zəngəzur dəhlizinin tez bir zamanda tamamlanması üçün təzyiq artacaq. Bu halda, Sünik bölgəsinin gələcəyi də təhlükə altında ola bilər”.
Movahidian vurğulayıb ki, əgər İran müharibədə uğur qazanarsa və ya ABŞ və İsrailə təzyiq göstərmək üçün Qafqazda yeni bir cəbhə açmaq qərarına gələrsə, Ermənistanla daha sıx siyasi və iqtisadi əməkdaşlıq inkişaf etdirə bilər. “Bu halda, İran-Ermənistan-Gürcüstan tranzit yolları böyük əhəmiyyət kəsb edəcək və İranla Azərbaycan arasında gərginlik arta bilər. İran-Azərbaycan münasibətləri onsuz da gərgindir və əgər İran Azərbaycan ərazisinin İrana qarşı genişmiqyaslı hücumlar üçün istifadə edildiyinə əmin olarsa, gərginlik daha da arta bilər”.
Fərda Uğur









