İranda nə baş verir, nələr olacaq?

İranda nə baş verir, nələr olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda etiraz aksiyalarının miqyası genişlənir, müxtəlif şüar və tələblər səsləndirilir.

Tribuna.az xəbər verir ki, bu barədə Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, hazırda İranda müşahidə olunan proseslər fonunda bəzi xarici qüvvələr yenidən Pəhləvilərin hakimiyyətə qaytarılması ideyasını gündəmə gətirməyə çalışır:

“1925-ci ildə türk Qacarları devirərək fars Pəhləviləri hakimiyyətə gətirən əsas qüvvələr ingilislər idi. Bu gün də eyni qüvvələr Pəhləviləri geri qaytarmaq istəyirlər. Halbuki Pəhləvilər ağır cinayətlər törədiblər və hakimiyyətə qayıtmağa haqları yoxdur”.

Akif Nağının sözlərinə görə, müasir dünyada monarxiya və şahlıq rejimləri artıq aktuallığını itirib. Onun fikrincə, istisna hal kimi İranda şahlıq bərpa edilərsə, bu hüquq yalnız Qacarlara məxsus ola bilər:

“Qacarlar hakimiyyətdən zorla devriliblər. Sonuncu şah Əhməd şah 1923-cü ildə ölkəni tərk etsə də, taxt-tacdan imtina etməyib. 1925-ci ildə parlament Rza xanın şah elan olunduğunu açıqladı, lakin parlamentin belə bir səlahiyyəti yox idi. Pəhləvilər qeyri-qanuni çevriliş yolu ilə hakimiyyətə gəliblər”.

O, Qacarların nümayəndəsi Məhəmməd Müsəddiqin 1951–1953-cü illərdə Pəhləviləri devirmək cəhdini xatırladaraq, ABŞ və Böyük Britaniyanın müdaxiləsi nəticəsində Məhəmməd Rza şahın yenidən hakimiyyətə qaytarıldığını vurğulayıb.

Akif Nağının fikrincə, indiki mərhələdə İranda real görünən variant şahlığın bərpası deyil, hakimiyyətin mahiyyətinin dəyişdirilməsidir:

“İran İslam İnqilabı dövründə azərbaycanlı lider Şəriətmədarinin təklif etdiyi kimi, İran dünyəvi dövlətə çevrilməli və yeni siyasi sistem formalaşdırılmalıdır. Bu prosesə Pezeşkian rəhbərlik etməlidir”.

A. Nağı qeyd edib ki, bütün mütərəqqi qüvvələr, o cümlədən azərbaycanlılar bu prosesdə birləşməli, xarici dövlətlərin ölkədaxili proseslərə müdaxiləsinə imkan verilməməlidir.

Akif Nağı əlavə edib ki, baş verəcək dəyişikliklər nəticəsində İranın 1925-ci ildə itirilmiş “dörd min illik Azərbaycan xarakteri” bərpa olunmalıdır:

“İlk addım olaraq Azərbaycan dili dövlət dili elan edilməlidir. Səttarxan, Şeyx Məhəmməd Xiyabani və Pişəvəri ‘Təbriz bütün İrana azadlıq gətirəcək’ şüarı ilə mübarizə aparıblar. Bu gün aydın görünür ki, İranı azərbaycanlılar xilas edə bilər”.

Sonda o, qonşu ölkədə azərbaycanlıların hakim olduğu, bütün xalqların birgə və qarşılıqlı hörmət şəraitində yaşadığı müasir bir dövlətin yaranacağına ümid etdiyini bildirib.

Dəniz Pənahova