İranda nə baş verir? (I YAZI)

İranda nə baş verir? (I YAZI)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, İranda artıq 8 gündür aksiyalar start götürüb. Qeyri-rəsmi məlumatlara görə, hazırda ölkə şəhərlərinin 65 faizində etirazlar davam edir.

Aksiyaların başlama səbəbi ölkədə devalivasiyanın şiddətli şəkil alması, idarəçiliyin bərbad şəkildə olması və digər iqtisadi məsələlələr olub. Ölkə iqtisadiyyatının nəbzinin atdığı Tehran bazarından başlayan prosesin qısa müddətdə yayılması isə gözlənilən və proqnozlaşdırılan idi.

İranda sosial və iqtisadi məsələlərin böhranlı həddə çatması və bunun ətrafında narazılığın yaranması prosesi 12 günlük müharibədən sonra baş qaldırmışdı. İnsanlar bunu təkcə sosial şəbəkələr üzərindən deyil, hətta publik şəkildə dilə gətirirdilər. Lakin bir müddət durğunluğun yaranmasının İsraillə müharibə fonunda görünməsini istəməmələrindən irəli gəlirdi.

İranda iqtisadi böhranın bir çox səbəbləri var. Onların ən başında sanksiyalar dayanır. Uzuun illər Qərbin sanksiyalarına qarşı immunitet formalaşdırmış Tehran rejimi, son zamanlar artıq köhnə vasitələrin işə yaramadığının fərqinə  varmağa başlıamışdı. Yeni “vaksin” isə yox idi və bu gün də yoxdur.

Eyni zamanda, Qərb sanksiyalar məsələsində də bir sıra əhatəli və dərin vasitələrə baş vurmaqla, illərdən bəri formalaşmış çəmbəri yarmağa nail olub. Xariclə ticarət əlaqələrini məhdudlaşdıran, ölkəyə valyuta gətirə biləcək bütün ticari işlərə sanksiyanın tətbiqi durumu ağırlaşdırmışdı. Bu gün proses bir qədər də genişlənərək, “kölgə donanması”na qədər irəliləyib. Bu o deməkdir ki, İran artıq qaçaq yolla mal satma prosesindən də məhrum edilir.

Məsələnin digər səbəbi idarəçiliyin normal şəkildə qurulmamasıdır. Söhbət ondan gedir ki, prezident Məsud Pezeşkian belə artıq dilə gətirərək, rejimlə hökumət arasında fikir ayrılıqlarının olduğunu etiraf edib. O bir sıra addımların məhz molla rejiminin maneələri səbəbindən ata bilmədiklərini qeyd edib.

Mövzu belədir ki, uzun illərdir İran iqtisadiyyatına böyük paya sahib olan SEPAH və ona bağlı qüvvələr həmin paylarından əl çəkmək istəmirlər. Onlar köhnə yanaşmanın qalmasını, biznes paylarına toxunulmamasını istəyirlər. Bu isə İranda hər il on milyardlarla dollar pulun ayrı-ayrı şəxslərin cibinə axması deməkdir. Halbuki həmin pulla Pezeşkian hökuməti bir sıra problemləri həll edə bilər.

Ortada başqa bir məsələ daha var. Bu, mühafizəkar qanad kimi tanınan sağçıların spekuliyasiya və sabotajla məşğul olmasıdır. Qeyd edək ki, bu qanad parlament və güc strukturlarına hakimdir. Eyni zamanda, əllərində ciddi maliyyə və iqtisadi resurslar var. Hətta ölkənin iri şirkətlərinin bir çoxunun onların əlində olmasına dair məlumatlar da mövcuddur.

Bu kontingent mütəmadi olaraq İranda hakimiyyətə gələn “islahatçı” qanadı sıxışdırmaqla məşğuldur. Məsələn, keçmiş prezident Həsən Ruhaninin hakimiyyəti dövründə iki dəfə benzinin bahalaşmasına səbəbkar olan sağçılar, həmçinin dolların bahalaşması prosesini də həyata keçirmişdilər.

Pezeşkianla mübarizədə məğlub olan sağçıların bunu boş burxacaqları da real görünmürdü. Elə bu səbəbdən idi ki, mühafizəkarların əsas fiqurlarından biri olan Səid Cəlili və Məhəmməd Baqer Qalibaf mütəmadi olaraq İran hökumətini təhdid etməklə məşğuldurlar. Hətta Pezeşkianın impiçment məsələsini davamlı gündəmə gətirməyə başlayıblar.

İndi isə keçək əsas mətləbə. İranda baş qaldırmış aksiyaların yekun nəticəyə çatması üçün bir qədər zaman lazımdır. Bunun üçün aksiyaların ölkənin bütün ərazilərinə yayılması isə vacib şərtdir. Hazırda farslar və digər etnik qrupların yaşadığı ərazilərdə etirazlar səngimək bilmir. Prosesə tələbələrin də qoşulması rejimin işini bir xeyli çətinləşdirməyə başlayıb.

Bəlucistan, ardından Loristan və Kürdistanın da prosesə qoşulması hadisələrin yeni mərhələyə qədəm qoyacağından xəbər verir. Amma bu da yekun deyil.

Əsas məsələyə keçməmişdən öncə bir mətləbə də toxunaq. İranda baş verən hadisələri əvvəlkilərdən fərqləndirən başlıca səbəb bu dəfə mitinqlərə məhz burjaziyanın start verməsidir. İndiyə qədər keçirilmiş bütün aksiyalarda burjaziya ümumiyyətlə, iştirak etməyib. Bu da onunla bağlı idi ki, onlar İran rejiminin əsas iqtisadi dayaqları hesab olunurdu. Lakin görünən odur ki, rejim artıq özünün əsas dayaqlarından birini itirməyə başlayıb. Çünki kiçik və orta sahibkarlar əllərindən çıxarsa, bu onlar üçün cidddi iqtisadi və siyasi problemə çevriləcək.

İranda hadisələrin yekun mərhələyə qədəm qoyması üçün bəzi şərtlərin də üst-üstə düşməsi lazımdır. Bu gün etirazlar pərkəndə şəkildə təşkil edilir, daha çox aqressiya ilə müşahidə olunur. Eyni zamanda, lidersizlik məsələsi hadisələri mütəşəkkil və təşkilatlanmış şəkildə tənzimləməyə imkan vermir.

İrandakı molla rejimi indiyə qədər lider potensialı olanları sıradan çıxarıb. Hətta belə bir ehtimalın yüksək olduğu şəxsləri fiziki şəkildə aradan götürməkdən də çəkinməyib.

Sual oluna bilər ki, İranın keçmiş şahının oğlu Rza Pəhləvinin daha çox adı çəkilməsi onun lider olmasına dəlalət etmirmi? Əvvəla Pəhləvi məsələsi hadisələr başlayan zaman hər ddəfə ön planda olur. Lakin yeni bir fiqur ortaya çıxan kimi, ikinci plana keçir. Bu gün onun ön planda olması alternativinin olmaması ilə bağlıdır. Yəni, Rza Pəhləvinin rəqibi yoxdur deyə, lider kimi görünür. Amma siyasi proses elə bir şeydir ki, onun gedişatı fonunda liderin ortaya çıxması mütləqdir. İranda da bu prosesin fonunda yeni bir liderin ortaya çıxma ehtimalı böyükdür.

İkincisi, Rza Pəhləvinin reputasiyası çox bərbaddır. Onun İranda hakimiyyət başına gəlməsi iranlılar üçün ikinci peşmanlıq demək olacaq. Bu daha çox ona bənzəyəcək ki, bir problemi digər problem yaratmaqla həll edilir. Yəni, problemi problemlə həll etmək problemin həlli deyil. Bu eyni zamanda bir pisi digər pislə əvəzləməyə də bənzəyəcək.

Bir başqa məsələ isə Güney Azərbaycan şəhərlərinin prosesə qoşulmaması ilə bağlıdır. Əvvəla nəzərə alaq ki, İranda əsas siyasi episnetrlər sırasında iki Azərbaycan şəhəri önəmli yer tutur. Onlardan biri Təbriz, digəri isə Ərdəbildir. Urmiyə bu ikisinin fonunda daha çox Təbrizə bağlı şəkildə hərəkət edir.

Bu şəhərlərin bu gün ayağa qalxmaması bir neçə məsələ ilə bağlıdır. Birincisi, Azərbaycan şəhərləri hər zaman aksiyalara dəstək versə də, yekunda işin içindən zərərlə çıxıb. Məsələn, İslam İnqilabından sonra Təbriz İranda ən çox repressiyaya məruz qalan şəhər oldu. Bu gün analoji səhvi təkrarlamamaq üçün güneylilər gözləmə mövqeyində durmağı daha vacib hesab edirlər.

İkincisi, Azərbaycan əhalisi indiyə qədər başqalarının ardından getməkdən imtina edirlər. Bunu məşhur bloggerlər də açıq şəkildə bəyan edirlər ki, bu dəfə hər kəs onların arxasınca gəlməlidir.

Üçüncü məsələ isə ortada Pəhləvi mövzusunun varlığıdır. Güney əhalisi Pəhləvini birmənalı olaraq qəbul etmir. Onun hakimiyyətə gəlməsinə də qarşıdır. Bu səbəbdən də ortada “Pəhləvi sülaləsini hakimiyyətə gətirək” çağırışları olduqca, Güney şəhərləri etirazçılara dəstək verməyəcək.

Üçüncü məsələ isə odur ki, Güney burjaziyası molla rejimindən istədiyini almaq gücündədir və bundan səmərəli istifadə etməyi bacarır. Məsələn, Məhsa Əmini məsələsində Təbriz və Ərdəbil burjaziyası bir sıra lqotlar, güzəştlər, subsidiya və dotasiyalar əldə etdilər. Yəni, hadisəni ticari fürsətə çevirməyi bacardılar. Elə indi də analoji yanaşmanı üstün tuturlar. Elə bu səbəbdəndir ki, rejim Təbriz və Ərdəbili sakit tutmaq üçün böyük həcmdə  aşağı qiymətə ərzaqla təmin etməyə başlayıb. Həmçinin Təbriz bazarının əvvəli gücü ilə çalışması üçün böyük miqdarda vəsait ayırıb.

Xarici müdaxilə (Venesuela varinatı) olacaqmı? Qərb İranda rejim dəyişikliyi üçün hansı addımları ata bilər? Çin və Rusiya İranı ABŞ-a “peşkəş” edəcəkmi? Bu hadisələrin Azərbaycana təsirləri nə ola bilər?

Bu suallara növbəti yazıda aydınlıq gətirəcəm.

Fikrət Fəraməzoğlu,

Jurnalist Araşdırma Mərkəzinin rəhbəri