Son iki gündür İranda müzakirə olunan iki önəmli hadisə baş verib.
Tribuna.az xəbər verir ki, həmin olaylardan biri İranın dini lideri Əli Xamineyinin ölüm xəbərinin yayılmasıdır.
Belə ki, iki gün öncə gecə saatlarında Xamineyinin iqamətgahı və Prezident Adminstrasiyasının önündə xeyli sayda təcili tibbi yardım maşınları peyda olub. Bununla yanaşı, əraziyə xeyli sayda xüsusi təyinatlı və polis cəllb edilib. Yaxınlıqdakı məktəblər və ticarət məkanları isə boşaldılıb.
Bu hadisədən sonra belə bir xəbər yayılıb ki, İran rejiminin başçısı dünyasını dəyişib. Bu təhlükəsizlik tədbirləri də məlum hadisə ilə bağlıdır.
Digər mühüm xəbər isə İran dini lideri Əli Xamineyinin öz səlahiyyətlərini Ali Təhlükəsizlik Şurasının sədri Əli Laricaniyə ötürməsidir. SEPAH-a yaxın medianın yazdığına görə, bu, ABŞ-ın hücumu zamanı dini lider aradan götürləcəyi təqdirdə baş verəcək.
Məsələni Tribuna.az-a şərh edən siyasi ekspert Fikrət Fəraməzoğlu bildirib ki, hər iki hadisə gedişat fonunda ortaya çıxan məsələlərin təzahürüdür. Onun sözlərinə görə, Xamineyi yaşlıdır və ölüm hadisəsinin yaşanması qeyri-adi bir şey deyil. “Xamineyinin 85 yaşı var. Səhhətində bir sıra ciddi problemlərin olması barədə xəbərlər çoxdan məlum idi. Onun dünyasının dəyişməsi xəbəri də bundan qaynaqlana bilər”.
Fəraməzoğlu Əli Laricaninin İranın dini liderinin səlahiyyətlərinə malik olmasını da qəribə hadisə olmadığını vurğulayıb. O deyib ki, Laricani İranda həm nüfuzlu ailənin, həm də siyasi cameənin əsas fiqurlarından biridir. “İranda post Xamineyi dövrü üçün hazırlıq çoxdan başlayıb. İlk olaraq onun oğlu Müctəba Xamineyinin bu posta gətiriləcəyi proqnozlaşdırılırdı. Lakin əsas namizədlər sırasında Laricaninin də adı vardı”.
Siyasi şərhçi qeyd edib ki, bu addımın atılmasının bir neçə səbəbi ola bilər. “Birincisi, Müctəbanı indiki qarışıq vəziyyətdə İranda önəmli postun başına keçirilməsi ciddi narazılıq doğura bilər. İranda insanlar bu ailədən ciddi narazıdır və son hadisələr də təsdilədi ki, artıq onların istefası məsələsi hər kəsin istədiyi bir şeydir. Ona görə də, Laricani önə çəkildi ki, həmin narazılıq yatırılsın və sonrakı mərhələdə Müctəba mövzusu gündəmə gətirilsin.
Bir digər məsələ də indiki qarışıq durumda Xamineyinin “oyundan çıxması”dır. Güman ki, o, bunca qan və narazılıqdan sonra özünü kənara çəkməklə “mən getdim, siz problemləri həll edin” mesajını verib. Yəni, məsuliyyətdən yaxasını kənara çəkməyə başlayıb. Burada “öldürülərsə” mesajı isə cəmiyyəti sakitləşdirmək və iz buraxmamaq cəhdindən başqa bir şey deyil”.
Fəraməzoğlu yekunda onu da bildirib ki, Xamineyi İran siyasi arenasından çəkilərsə, etirazlar daha şiddətli şəkil almağa başlayacaq. “İranda belə bir təsəvvür var ki, əgər Xamineyi olmasa, etirazçıların qarşısında heç kim duruş gətirə bilməyəcək. Bundan başqa, onlar İranın dini liderini mövcud rejimin əsas və yeganə dayağı kimi qəbul edirlər. Yəni, bu dayaq yıxılarsa, onun siyasi arenadan qovulmasını mümkün etmək realdır”.
Fərda Uğur










