Hörmüz boğazı açıqdır, o cümlədən ABŞ gəmiləri üçün də.
Tribuna.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirinin müavini Səid Xətibzadə Britaniyanın ITV kanalına müsahibəsində deyib. Onun sözlərinə görə, təhlükəsiz keçid üçün İran hərbçilərinin naviqasiyası tələb olunur.
“Boğazdan təhlükəsiz keçmək üçün hər bir gəmi İran hakimiyyəti ilə zəruri ehtiyat tədbirlərini razılaşdırmalıdır”, – deyə Xətibzadə bildirib.
Onun sözlərinə görə, bu, ABŞ və İsrailin hücumlarından sonra İranın gördüyü hərbi tədbirlərlə, o cümlədən minaların yerləşdirilməsi ilə bağlıdır. “Onların təmizlənməsi üçün vaxt lazımdır”, – deyə o qeyd edib. Bildirilib ki, bu müddət ərzində İran “təhlükəsiz keçid üçün xəritə və marşrutlar” təqdim edə bilər.
Xətibzadə vurğulayıb ki, icazə “düşmən davranışı” olmadığı halda bütün ölkələrin gəmilərinə şamil olunur. “Hazırda belə davranış əlamətləri müşahidə edilmir”, – deyə o bildirib və əlavə edib ki, göstərilən qaydalara əməl olunarsa, bütün gəmilər adi rejimdə keçə bilər.
Aprelin 7-də ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs elan edib. Bu müddətdə tərəflərin yekun sülh razılaşmasına gəlməsi gözlənilir. Ertəsi gün atəşkəsdən sonra Hörmüz boğazından ilk gəmi keçib.
TASS-ın İran mənbəsinə istinadən yaydığı məlumata görə, atəşkəs razılaşmasına əsasən İran gündə boğazdan maksimum 15 gəminin keçməsinə icazə verəcək.









