İran üçün yeni dönəm: Müctəba Xamineyi hansı addımları atacaq?

İran üçün yeni dönəm: Müctəba Xamineyi hansı addımları atacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, dünən İran özünə yeni dini lider seçib.

Tribuna.az xəbər verir ki, müharibənin ilk günü öldürülən İranın rəhbəri Əli Xamineyinin oğlu Müctəba Xamineyi bundan sonra ölkə idarəçiliyini həyata keçirəcək.

Qeyd edək ki, İran Konstitusiyasına əsasən əgər dini lider ölərsə, öldürülərsə və ya səlahiyyətlərini yerinə yetirə bilməzsə, ən geci 3 gün ərzində yeni rəhbər seçilməlidir. Lakin Müctəba Xamineyinin təyinat məsələsi tam 10 gün sonra baş tutdu.

Bu seçkilərin gecikməsinin bir sıra səbəbləri göstərilsə də, əsas diqqət daxildə vahid fikrin olmamasına yönəlib. Məsələ belədir ki, Müctəba Xamineyinin seçilməsində SEPAH-ın israr etməsi, hətta ayətullahlara təzyiq göstərməsi istisna edilmirdi. Çünki SEPAH başqa birinin bu posta sahiblənməsini qəbullanmırdı.

Lakin İran siyasi elitasında buna qarşı olanlar da vardı. Onların arasında orta səviyyəli din xadimləri ilə yanaşı, nüfuzlu məmurların da olduğu sirr deyildi. Məsələn, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Xamineyiyə qarşı münasibəti onun seçimlərdən sonra açıqlamasından da aydın görünür. O, Müctəbanın səlahiyyətləri yerinə yetirəcəyinə ümid etdiyini qeyd edib. “Ümid edirik ki, Müctəba Xameneyinin rəhbərliyi altında İran öz inkişaf yolunu davam etdirəcək”.

Əslində, buradakı “ümid edirik” ifadəsi Müctəbaya olan münasibətin və etimadın göstəricisidir. Yəni, Laricani onun bu işin öhdəsindən tam gələ bilməyəcəyini işarə edir. Üstılik, etimadı az olduğundan işlərin öhdəsindən gələcəyinə ümid etdiyini vurğulayır.

Amma bütün bunlara baxmayaraq, Müctəba Xamineyi artıq seçilib, İranı bir müddət idarə edəcək. Onun işlərin öhdəsindən hansı şəkildə gələcəyi isə zamana bağlı məsələdir.

Bütün bunların fonunda İranın bundan sonra atacağı addımlar daha çox müzakirə mövzusudur. Məsələ belədir ki, Müctəba radikal xəttin nümayəndəsidir. O, qatı mühafizəkardır. Üstəlik, arxasında SEPAH kimi silahlı birlik dayanır. Bu isə ona daha sərt qərarlar qəbul etməyə, habelə atasının dövründə bəzi güzəştlərin aradan qaldırılmasına imkan verəcək. Məsələn, o, hicab haqqında qanunun qəbulunu həyata keçirməklə, qadınlar əvvəlki kimi açıq geyimlə küçədə gəzməsini qadağan edəcək.

Və ya Müctəba ölkədə bütün səlahiyyətləri mənimsəyərək, heç bir güzəştə getmədən, məsləhətləşmədən qərarlar qəbul edəcək. Bundan sonrakı mərhələdə prezident və ya parlamentin spikeri sadəcə formal vəzifə olaraq daha qabarıq şəkildə görünəcək.

Bir sözlə, İranı yeni bir dönəm gözləyir. Sərt xəttin ölkənin əl-ayağını yığa biləcəyi suallar yaratsa da, SEPAH, Bəsic kimi radikal təşkilatların daha da ön plana çıxması qaçılmaza çevriləcək. Onların daha çox imtiyaz və səlahiyyət alacağı isə şübhəsizdir.

Bu yanaşma İranda yeni etiraz dalğasının yaranmasına, hətta hökumətlə toqquşmalara qədər gedib çıxa bilər. Kiçik bir hadisə böyük bir prosesin başlanğıcı da ola bilər. Bunun fonunda Müctəba Xamineyinin yeganə çıxış yolu iqtisadi vəziyyəti düzəltməkdən keçəcək. Lakin sanksiya altında olan bir ölkənin bunu edə bilməsi sual altındadır.

Fərda Uğur