ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları regionda yeni risklər yaradıb. Bu risklərin bir hissəsi isə gözlənilmədən Bakının daşınmaz əmlak bazarında özünü göstərməyə başlayıb.
Tribuna.az xəbər verir ki, müharibə və siyasi qeyri-müəyyənlik zamanı kapital adətən daha sabit və təhlükəsiz limanlara yönəlir. İran daxilində və regionda yaşayan imkanlı şəxslər üçün Azərbaycan, xüsusilə Bakı həm coğrafi yaxınlıq, həm də mədəni oxşarlıq baxımından ən əlverişli istiqamətlərdən biridir.
Əmlak satış ofislərinin yaydığı məlumata əsasən, son günlər xüsusilə mərkəzi ərazilərdə və yeni tikililərdə mənzil sorğuları artıb. Nağd alışların çoxalması bazarda qiymətlərin sürətlə qalxmasına səbəb olub.
Müraciətlərin əsasən yeni tikililərlə bağlı olduğu deyilir. Mərkəzdə kvadratı 2-3 mindən yüksək olan qiymətlərin bu müraciətlərə əsasən daha da artacağı gözlənilir. Ekspertlər hesab edir ki, müraciətlərin daha da artması qiymətləri fantastik həddə çatdıra bilər.
Əmlak ekspertlərinin fikrincə, əgər gərginlik uzunmüddətli xarakter alarsa, Bakıya köç və müvəqqəti yerləşmə halları arta bilər. Bu isə təkcə satış bazarına deyil, kirayə bazarına da təzyiq göstərəcək və qiymətlərdə növbəti bahalaşma başlayacaq.
Ekspertlər bildirib ki, Azərbaycan daşınmaz əmlak bazarı həmişə informasiyaya həssas olub və kiçik bir siyasi siqnal belə qiymətlərdə “önləyici artım” yarada bilir. Bəzi tikinti şirkətləri və satıcılar mövcud geosiyasi vəziyyətdən istifadə edərək qiymətləri süni şəkildə şişirdə də bilər.
Əmlak ekspertləri hesab edir ki, qiymət artımı sosial narazılıq yaradacaq səviyyəyə çatarsa, hökumətin bazara müəyyən tənzimləyici addımlar atması istisna deyil. Çünki paytaxtda mənzil əlçatanlığı onsuz da ciddi problemdir.
Yaxın Şərqdə raketlər atıldıqca, Bakıda kvadratmetrlər bahalaşırsa, bu artıq qlobal siyasətin birbaşa cibimizə təsir etməsi deməkdir.
Gülşən Rəsul









