ABŞ və İsrailin bombardmanından sonra İranda maraqlı bir hadisə yaşanır. Tribuna.az xəbər verir ki, əhalinin etirazlara başlayacağından ehtiyat edən rejim küçələrə cəza dəstələri yerləşdirməyə başlayıb.
Ötən gün İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafın verdiyi açıqlama da təsdiq edir ki, etirazların başlamasından ciddi narahatdırlar. O xalqa müraciət edərək ABŞ-ın tərəfinə keçməməyə çağırıb. “Bəli, biz bilirik ki, şikayətçisiniz. Narazılıqlarınız var. Lakin sizdən xahiş edirəm ki, Amerikanın tərəfinə keçməyəsiz”.
Amma bununla paralel İranda başqa bir maraqlı və müəmmalı hadisələr də baş verir. Belə ki, son iki gündə İran küçələrində naməlum silahlı dəstələr peyda olub. Məlumatlara görə, onlar rejim tərəfindən göndərilmiş cəza dəstələrinin üzvlərinin “ov”una başlayıblar. Elə bu səbəbdəndir ki, son iki gündə Tehran, Təbriz, Məşhəd və daha bir neçə şəhərdə həmin cəza dəstəsinin 7 üzvü öldürülüb.
Həmin şəxslərin kimliyi ilə bağlı hər hansı məlumat yoxdur. Amma bəzi ehtimallar var. Məsələn, ehtimallardan biri budur ki, sözügedən gizli silahlı dəstə hələ inqilab dövründə mövcud olan, daha sonra isə rejimlə yola getməyərək başqa ölkələrə mühacirət edən “Xalq Mücahidlər Hərəkatı”nın üzvləridir. Son illər Rəcəvinin başçılıq etdiyi bu dəstənin İranda bir xeyli fəallaşdığına dair iddialar var idi.
Bir başqa ehtimal isə yanvar hadisələri zamanı fəal olan və yenə də gizli şəkildə cəzalandırma işini həyata keçirən “Garde Cavidan” (Şahın mühafizəçiləri kimi tərcümə edilə bilər-red.) qrupudur. Onlar son bir ildə yaradılmış silahlı dəstə olaraq tanınırlar. Əsasən İran şahının oğlu Rza Pəhləvini dəstəklədikləri qeyd edilir.
Bir başqa ehtimal isə odur ki, bu, yanvar qırğınlarından sonra meydana çıxmış narazılardan təşkil olunan dəstədir. Lakin bu versiya bir o qədər qəbul edilmir.
Fərda Uğur









