İran gündə 500 milyon dollar itirir – Tramp

İran gündə 500 milyon dollar itirir – Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran maliyyə çöküşü ərəfəsindədir!”

Tribuna.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə bildirib.

“Onlar ciddi pul çatışmazlığı ilə üzləşərkən Hörmüz boğazının dərhal açılmasını tələb edirlər! Onlar gündə 500 milyon dollar itirirlər. Hərbçilər və polis ödənilməyən əmək haqlarından şikayətlənir”, – deyə o qeyd edib.

Tramp bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin İran limanları və sahillərinə tətbiq etdiyi blokada davam edəcək.

ABŞ lideri “Truth Social” platformasındakı hesabında yazıb ki, İranın bütün donanması dənizin dibinə batırılıb, hava qüvvələri məhv edilib və müdafiə sistemləri tamamilə sıradan çıxarılıb. O əlavə edib ki, İranın nüvə laboratoriyaları və anbarları da tam şəkildə dağıdılıb.

Tramp həmçinin qeyd edib: “Hörmüz boğazı mühasirəyə alınıb və ABŞ-ın nəzarəti altındadır. İranlılar blokadamız səbəbilə gündə 500 milyon dollar itirirlər”, — deyə vurğulayıb və əlavə edib ki, “iranlılar məndən başqa bütün ABŞ prezidentlərindən istifadə ediblər”.

Tramp bildirib ki, Vaşinqton Hörmüz boğazının açılmasını qəbul etməyəcək, çünki bu addım İranla razılaşma əldə etmək şanslarını aradan qaldıra bilər.

Onun sözlərinə görə, Tehran eyni zamanda ABŞ-ın tətbiq etdiyi blokada fonunda boğazı bağladığını elan edərək “üzünü qorumağa” çalışır.

“Fox News” telekanalı mənbələrə istinadən xəbər verib ki, Trampın uzatdığı atəşkəs razılaşma tezliklə əldə olunmazsa, qısamüddətli olacaq.

Həmin mənbələr əlavə edib ki, Tramp Pakistan vasitəçilərinə hörmət əlaməti olaraq hələlik İrana qarşı zərbələri bərpa etməmək qərarı verib. Bu qərarın İran xalqına verilən “son sülh şansı” kimi qiymətləndirildiyi də qeyd olunub.

Digər tərəfdən, İran dövlət televiziyası “Xatəm əl-Ənbiya” qərargahının sözçüsünə istinadən bildirib ki, ABŞ-ın təhdidləri fonunda Tehran tam döyüş hazırlığı vəziyyətindədir və “tətiyə barmaq qoyub”.

Sözçü əlavə edib: “Hər hansı hücuma cavab olaraq ABŞ-a və sionist rejimə güclü zərbə endirəcəyik”.

Sənan Məmmədli