Məlum olduğu kimi, İranın vitse-prezidenti Həmid Purməhəmmədi İrəvanda səfərdədir.
Tribuna.az xəbər verir ki, baş nazir Nikol Paşinyan və digər rəsmilərlə görüşən iranlı məmur, dünən Kaçaran istiqamətində inşa ediləcək tunelin təməlqoyma mərasiminə qatılıb.
Qeyd edək ki, bu tunel İran sərhəddi ilə Ermənistanı birləşdirəcək. Uzunluğu 7.2 km olan tunelin inşası isə 6 ilə yekunlaşacaq. İnşaat işlərinin nə qədər xərc aparacağı barədə isə hələlik rəsmi açıqlama yoxdur.
İran hələ xeyli müddətdir Şimal-Cənub dəhlizinin Ermənistan üzərindən keçməsi üçün çox çalışır. Lakin Ermənistanın mövcud releyfi quru yol üzərindən yüklərin daşınmasına ciddi maneə törədir. Ərazisinin böyük hissəsi dağlı olan Ermənistan üzərindən yeni dəhlizin salınması üçün ortalama 18-20 tunelin inşasına ehtiyac var.
Hələ bir qədər əvvəl rəsmi rəqəmlərdə qeyd edilirdi ki, bu tunellərin inşası üçün 2 milyard dollara yaxın pul lazımdır. Rəsmi Tehran bu qədər vəsaiti cəlb edə bilməyəcəyini də vurğulamışdı. Ermənistan isə tunelləri təkbaşına inşa etmək gücündə olmadığını açıqlamışdı.
Nəzərinizə çatdıraq ki, İran bu layihəni həyata keçirmək üçün Yunanıstan və Bolqarıstanla mütəmadi danışıqlar aparıb. Lakin həmin ölkələr də bu qədər yükün altına girməkdən dolayısı ilə boyun qaçırmışdılar.
Bəs, İran yenidən niyə köhnə layihəyə qayıdır? Məlum olduğu kimi, Azərbaycan və ABŞ Zəngəzur dəhlizinin açılması üçün bütün addımları atıblar. Bu yol İranın ürəyincə deyil və Tehran dəfələrlə buna qarşı olduğunu bəyan edib.
Belə olan halda İran Zəngəzurun alternativi olan Şimal-Cnub dəhlizini gücləndirmək və reallaşdırmaq istəyini ortaya qoyub. İlk tunelin tikintisi isə bu planın başlanğıc nöqtəsidir. Böyük ehtimalla yaxın gələcəkdə yeni tunellərin də layihələndirilməsi prosesinə start veriləcək.
Fərda Uğur









