Son iki gündə İranla Ermənistan arasında narazılıq və gərginlik baş qaldırıb.
Tribuna.az xəbər verir ki, xüsusən də NATO təlimlərinin keçirilməsindən sonra bu narazılıq təhdid şəklini almağa başlayıb.
“Yerevan Observer” platformasının yaydığı xəbərə görə, İran prezidenti Məsud Pezeşkian Paşinyana son təbrik məktubunda Ermənistan rəhbərliyinə xəbərdarlıq edib. “Xəbərdarlıqda bildirilir ki, ABŞ-nin Cənubi Qafqazda dominantlıq yaratmaq cəhdləri regiona sülh yox, yeni qarşıdurma gətirəcək. O, bu addımların gələcəkdə Ermənistanı hədəfə çevirə biləcəyini qeyd edib”.
SEPAH-a bağlı “Qafqaz Press” Teleqram kanalı isə bu təhdidi açıq konteksdə ifadə edib: “Ermənistan əgər Yaxın Şərqdə İranın addımlarını görməyibsə, bundan yalnız itirən tərəf olar. İran açıq şəkildə Körfəzi hədəfə aldığı kimi, Ermənistanı da hədəf ala bilər”.
“Yerevan Binokl” adlı Teleqram kanalı isə İrandakı mənbələrə istinadən xəbər yayıb ki, İran TRİPP layihəsi ilə bağlı da Ermənistana xəbərdarlıq edib. Kanal yazıb ki, İranın diplomatik kanallar vasitəsilə Ermənistandan İran sərhədi yaxınlığından keçəcəyi bildirilən “Tramp marşrutu” (Zəngəzur Dəhlizi) ilə bağlı əlavə izahat almağa çalışır. “Tehran sözügedən marşrutun təhlükəsizlik və geosiyasi nəticələri ilə bağlı tam aydınlıq əldə olunana qədər layihəyə dəstək vermək niyyətində deyil”.
Həmin məlumatda deyilir ki, İran tərəfi təhlükəsizlik maraqlarının təmin olunacağına əmin olmadan TRIPP layihəsinin həyata keçirilməsinə razılıq verməyəcək. “İrəvana tövsiyə olunub ki, İran və ABŞ arasında davam edəcəyi gözlənilən 60 günlük dialoq müddətində layihə üzrə ciddi və geri dönülməz addımlar atmasın”.
Qeyd edək ki, Ermənistan hakimiyyətinin son zamanlar Qərbə meyillənməsi və bunun fonunda NATO ilə sıx əməkdaşlığa başlaması İranı ciddi şəkildə narahat etməyə başlayıb. Son təhdid və xəbərdarlıqlar da bununla bağlıdır. Çünki Tehran ABŞ ordusunun günün birində Araz çayı sahillərində özünə baza qura biləcəyindən ciddi narahatdır.
Fərda Uğur









