Qadın mövcud nikahı olduğu halda ikinci dəfə evlənib.
Tribuna.az xəbər verir ki, Sinqapurda Vyetnam vətəndaşı olan 36 yaşlı qadın ikiarvadlılıq cinayətinə görə 12 həftə müddətinə azadlıqdan məhrum edilib. Bu əməl ölkə qanunvericiliyinə əsasən cinayət sayılır.
Qadın təqsirini etiraf edib və həmçinin immiqrasiya xidmətinə yalan məlumat verdiyini, uşağının olduğunu gizlətdiyini də bildirib.
Söhbət Nquyen Ti Fuong Tuidən gedir. O, 2008-ci ildə, 19 yaşında olarkən 54 yaşlı Sinqapur vətəndaşı ilə evlənib. Həyat yoldaşları arasında yaş fərqi 35 il olub və nikah Sinqapurda rəsmi şəkildə qeydə alınıb.
Təxminən 2012-ci ildə Nquyen guya müalicə məqsədilə Vyetnama qayıdıb. Orada o, özündən üç yaş böyük olan Vyetnam vətəndaşı ilə tanış olub və aralarında romantik münasibət yaranıb. Bu dövrdə qadın əsasən Vyetnamda yaşayıb.
Hər iki tərəf Nquyenin Sinqapurda qüvvədə olan nikahının mövcud olduğunu və bu ölkədə yeni evlilik bağlamağın mümkün olmadığını bilsə də, cütlük Vyetnamda nikahı rəsmiləşdirmək qərarına gəlib. Bu, 28 iyul 2015-ci ildə, qadın artıq ikinci kişidən hamilə olduğu vaxt baş verib.
Bundan sonra Nquyen Vyetnamda qalıb, yalnız uzunmüddətli vizasını uzatmaq üçün Sinqapura gedib-gəlib. 2016-cı ildə o, birinci əri ilə boşanma prosesinə başlamaq üçün Sinqapura qayıdıb. Onların nikahı 3 noyabr 2017-ci ildə rəsmi olaraq ləğv edilib. Vyetnamda bağlanan ikinci nikah isə 9 mart 2018-ci ildə qüvvədən düşüb.
Məhkəmə materiallarında hakimiyyət orqanlarının ikiarvadlılıq faktını necə aşkar etdikləri göstərilmir. Prokurorluq qadının üç ay müddətinə həbs edilməsini tələb edib.
Məhkəmə iclası zamanı vəkili olmayan Nquyen tərcüməçi vasitəsilə məhkəməyə müraciət edib və ağlayıb. O bildirib ki, 10 yaşlı oğlunun tək valideynidir və uşaq onun daimi qayğısına ehtiyac duyur. Həmçinin qeyd edib ki, atası qismən iflicdir, anası isə yaşlıdır və ailəni həm maddi, həm də mənəvi baxımdan məhz o təmin edir.
Hakim işin hallarını nəzərə alacağını bildirərək prokurorluğun tələb etdiyindən daha yüngül cəza təyin edib. Sinqapur qanunlarına görə ikiarvadlılıq 7 ilədək azadlıqdan məhrumetmə, cərimə və ya hər iki cəza növü ilə cəzalandırıla bilər.
İmran Kərimli









