İcbari Tibbi Sığorta sisteminin normal işləməməsi vətəndaş narazılıqlarını artırıb.
Tribuna.az xəbər verir ki, paytaxt sakini Elşən Məmmədov İcbari Tibbi Sığorta istemindən narazı olduğunu bildirib. Şikayətçi qeyd edib ki, bu sistemə görə dəfələrlə problemlə üzləşib:
“Hər dəfə anamı poliklinikaya aparanda eyni problem yaşanır. Sistem işləmir, talon verə bilmirlər. 1542-yə zəng edirəm, hər dəfə eyni cavab – sistemdə problem var, İT mütəxəssislər işləyir”.
Vətəndaş sual edir ki, problem texniki nasazlıqdır, yoxsa insanları özəl klinikalara yönəltmək üçün yaradılan vəziyyət?:
“Bilmirik qəsdən edirlər ki, camaat bezib özəl klinikaya getsin, ya da normal İT mütəxəssisləri işə götürmürlər. Əziyyəti yenə vətəndaş çəkir”.
Şikayətçinin diqqət çəkdiyi başqa məqam isə maliyyə məsələsidir:
“Hələ bir dəfə də olmayıb ki, İcbari Tibbi Sığortaya görə maaşımdan pul tutulmasın. Sistem işləməsə də, icbari sığorta haqqı vaxtında çıxılır”.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mövqeyini öyrənməyə çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.
Gülşən Rəsul










