Azərbaycan Mərkəzi Bankı 1 iyul 2025-ci il – 30 iyun 2026-cı il tarixlərini əhatə edən avto-icbari sığorta üzrə şikayət indeksini açıqlayıb.
Tribuna.az xəbər verir ki, şikayət indeksi yenə də ən yüksək 1.8 bənd olmaqla “Xalq Sığorta” ASC-də qeydə alınıb.
Siyahıda ikinci 1.51 bəndlə “Meqa Sığorta” ASC dayanır və bu iki şirkət “qırmızı zona”da qərarlaşıblar.
AMB qeyd edir ki, şikayət indeksi göstəricisi sığorta şirkətlərinin maliyyə dayanıqlılığı və ya fəaliyyətinin davamlılığı ilə bağlı təhdid yaratmır.
Avto-icbari sığorta üzrə şikayət indeksi vətəndaşların bu növ üzrə sığorta xidmətlərini əldə edərkən seçim etmələrinə dəstək göstərilməsi məqsədilə hesablanılır və yayımlanır. Şikayət indeksinin hesablanmasında beynəlxalq səviyyədə istifadə olunan metodologiyaya əsaslanaraq avto-icbari sığorta növü üzrə lisenziyası aktiv olan sığorta şirkətləri ilə bağlı daxil olan şikayətlər nəzərə alınmışdır. Eyni zamanda avto-icbari sığorta növünün aparılması üzrə verilən icazənin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılmış və lisenziyası ləğv olunmuş sığorta şirkətləri ilə bağlı şikayətlərin tənzimlənməsi Mərkəzi Bank tərəfindən əvvəlki qaydada davam etdirilir.










