Binəqədi rayonu, Azadlıq prospektində yerləşən “Hollywood” restoranı növbəti kütləvi dava ilə gündəmə gəlib.
Tribuna.az xəbər verir ki, daha bir kütləvi dava yanvarın 18-də şou-biznes nümayəndələrinə yaxınlığı ilə tanınan prodüser Kənan Məmmədovun ad günü məclisində qeydə alınıb.
Belə ki, məclisdə iştirak edən Adel adlı tiktoker naməlum şəxslər tərəfindən döyülərək xəsarət alıb. Bildirilir ki, tiktokeri döyənlər adı müxtəlif qalmaqallarda hallanan və barəsində Binəqədi Rayon Polis İdarəsi tərəfindən bir neçə dəfə restoranlarda baş verən dava-dalaşlarla əlaqədar tədbir görülmüş iş adamı Bilal Əlizadə və onun yaxın çevrəsi olub.
Bilal Əlizadə məclisdə iştirak edən qadınlardan birinə yaxınlaşaraq ona qızıl hədiyyə təqdim edib.
Bundan sonra tiktoker Adel ona yaxınlaşaraq mübahisə edib. Bu zaman dava düşüb.
Bilal Əlizadənin masasında əyləşən bloqer Ümid Kərimbəyli və Rəşad adlı şəxs Adelə fiziki zorakılıq tətbiq edərək ona xəsarət yetiriblər.
Xatırladaq ki, məşhur iş adamı Şərurlu İsfəndiyara məxsus olan “Hollywood” restoranında bu, ilk belə hadisə deyil. Daha çox yüngül həyat tərzi keçirən gənclərin müxtəlif məclislər keçirmək üçün toplaşdığı bu restoranda tez-tez bu cür davalar baş verir.
Bu cür davaların əksəriyyəti də kiminsə döyülməsi, ağır xəsarət alması, bıçaqlanması ilə nəticələnib və hadisələr əsasən polis bölməsində bitib.
Belə davalardan biri 12 iyul 2024-cü il tarixində baş vermişdi.
Restoranda mübahisə nəticəsində bıçaqlanma hadisəsi qeydə alınmış, sabiq prokurorluq əməkdaşı hadisə zamanı bıçaqlanmışdı.
Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsində xuliqanlıq maddəsi üzrə araşdırma aparılmışdı.
Digər hadisə isə 31 dekabr 2024-cü il tarixində Yeni il şənliyi zamanı baş vermişdi.
Belə ki, bayram şənliyi zamanı bir masa yaxınlığında təhqir və mübahisə yaranıb.
Zərərçəkmişin dediyinə görə, hadisə zamanı restoran sahibi iş adamı Şərurlu İsfəndiyarın oğlu Tanrıverdi də daxil olmaqla bir qrup şəxs zərərçəkəni döyüb.
Bu hadisə də Binəqədi 5-ci Polis Bölməsində araşdırılıb.
Gülşən Rəsul









