Bitki çayları sadəcə ətirli və isinmək üçün içilən içki deyil. Onlar orqanizmi yumşaq şəkildə dəstəkləyir və ümumi sağlamlıq vəziyyətini yaxşılaşdıra bilər.
Qara və ya yaşıl çaydan fərqli olaraq, əksər bitki dəmləmələrinin tərkibində kofein olmur. Buna görə də onları gündəlik şəkildə qəbul etmək mümkündür. Lakin həkimlər xəbərdarlıq edir: təbii vasitələrin də həddi var. Bitkilərin müntəzəm istifadəsi həm sağlamlığı gücləndirə, həm də arzuolunmaz təsirlərə səbəb ola bilər.
Tribuna.az orqanizmə ən çox müsbət təsir göstərən və ürəkbulanmanı azaldan bitki çaylarını təqdim edirik:
Ürəkbulanmanı azaldan çaylar
Araşdırmalar göstərir ki, bəzi bitki çayları ürəkbulanma və qusmanı effektiv şəkildə yüngülləşdirir. Bunlara daxildir:
Zəncəfil
Nanə
Çobanyastığı
Şüyüd
Məsələn, çobanyastığı ekstraktı hamiləlik zamanı yaranan ürəkbulanmanı azaltmağa kömək edir. Zəncəfil isə yol getmə zamanı, hamiləlikdə və ya kimyaterapiya dövründə ürəkbulanma, köp və qarın nahiyəsində narahatlığı azalda bilir.
Mədə və bağırsaqları sakitləşdirən çay
Zəncəfil mədə turşusunun həddindən artıq ifrazını azalda və onun qida borusuna keçməsinin qarşısını ala bilər. Bu isə qıcqırma və həzm pozuntularının azalmasına kömək edir. Tədqiqatlar göstərir ki, zəncəfil qastroezofageal reflüks xəstəliyinin (GERX) simptomlarını yüngülləşdirir, spazm və köpü azaldır.
İltihab əleyhinə təsir
Bəzi bitki çayları iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Məsələn, zəncəfil çayı mədə-bağırsaq traktında iltihabı azaltmağa kömək edir. Xroniki bağırsaq iltihabı diskomfort yaradır və ciddi xəstəliklərin riskini artırır. Zəncəfilin tərkibindəki antioksidantlar bağırsaq divarındakı şişkinliyi azaldaraq orqanizmi qoruyur.
Köpməyə qarşı çay
Zəncəfil və nanə köp probleminə qarşı effektivdir. Zəncəfilin tərkibində olan aktiv maddələr – gingerollar və şoqollar – mədənin boşalmasını sürətləndirir. Bu, həzmi yaxşılaşdırır, qaz əmələgəlməsini və şişkinliyi azaldır.
Həzmi yaxşılaşdıran çaylar
Bəzi bitki dəmləmələri həzmi dəstəkləyən ferment və üzvi turşular ehtiva edir. Məsələn, acıçiçək kökü çayı iştahanı artırır və qarın nahiyəsindəki narahatlığı azaldır.
Mədə xorası riskini azalda bilər
Şüyüd həm çiy, həm də çay şəklində istifadə oluna bilər. İnsanlar üzərində əlavə tədqiqatlara ehtiyac olsa da, heyvanlar üzərində aparılan araşdırmalar şüyüdün antioksidantlarla zəngin olduğunu və mədə xorası riskini azalda biləcəyini göstərir.
Altey kökü çayı isə mürəkkəb karbohidratlarla zəngindir. O, mədə-bağırsaq traktında selik ifraz edən hüceyrələri stimullaşdırır. Bu selik mədə divarını örtərək zədələnməni və xora riskini azalda bilər.
Bağırsaqları təmizləyən çay
Sena çayı bağırsaq əzələlərinin yığılmasını stimullaşdırır və qəbizliyin qarşısını almağa kömək edir. Lakin onu hər gün həkim məsləhəti olmadan içmək olmaz, çünki ishala səbəb ola bilər.
Niyə bitki çayından sui-istifadə etmək olmaz?
Əksər insanlar üçün bitki çayları təhlükəsiz və faydalıdır. Lakin vacib məqamlar var:
Hamilə və süd verən qadınlar mütləq həkimlə məsləhətləşməlidirlər. Bəzi bitkilər uşaqlıq yığılmalarına səbəb olaraq vaxtından əvvəl doğuş riskini artıra bilər.
Bəzi bitkilər dərmanların təsirini azalda və ya yan təsirlərə səbəb ola bilər.
Diqqət! Yeni bir bitki çayını müntəzəm istifadə etməzdən əvvəl, xüsusilə reseptli dərman qəbul edirsinizsə, həkim və ya əczaçı ilə məsləhətləşin.
İmran Kərimli









