Marşal Adaları dünyada vətəndaşları üçün universal baza gəliri tətbiq edən ilk ölkə olub.
Tribuna.az “The Guardian”a istinadən xəbər verir ki, proqram çərçivəsində respublikanın bütün sakinləri hər 3 aydan bir təxminən 200 dollar alacaq.
Hakimiyyət orqanları ümid edir ki, bu tədbir yoxsulluğun azaldılmasına kömək edəcək.
Vətəndaşlar vəsaiti almaq üsulunu da seçə bilərlər: bank hesabına yatırılan çek və ya hökumət tərəfindən dəstəklənən rəqəmsal cüzdan vasitəsilə kriptovalyuta almaq mümkündür.
Sakinlərə ilk ödənişlər noyabr ayının sonunda edilib.
“Biz, hökumət olaraq, heç kimin geridə qalmamasını təmin etmək istəyirik”, – deyə Marşal Adalarının maliyyə naziri Devid Pol bildirib.
Proqram ABŞ ilə müqavilə çərçivəsində yaradılmış xüsusi fond tərəfindən maliyyələşdirilir. Onun məqsədi onilliklər boyu Amerika nüvə sınaqları nəticəsində Marşal Adalarına dəyən ziyanı kompensasiya etməkdir. Fond 1,3 milyard dollardan çox dəyərində aktivləri idarə edir və ABŞ 2027-ci ilə qədər əlavə 500 milyon dollar ayırmağı planlaşdırır.
Qeyd edək ki, universal baza gəliri vətəndaşlara heç bir şərt qoyulmadan verilən sosial ödəniş formasıdır.









