ABŞ Qida və Dərman Administrasiyası (FDA) xroniki hepatit B-nin müalicəsi üçün yeni preparatın istifadəsinə icazə verib. Hibsago (bepirovirsen) adlı dərman bəzi xəstələrdə virus üzərində uzunmüddətli nəzarətə nail olmaq və davamlı antiviral müalicəyə ehtiyacı aradan qaldırmaq potensialına malikdir.
Tribuna.az xəbər verir ki, FDA preparatı 20 oktyabr 2026-cı ildə təsdiqləyib.
Britaniyanın əczaçılıq şirkəti “GlaxoSmithKline” (GSK) tərəfindən hazırlanan preparat xroniki hepatit B virusu infeksiyası olan müəyyən yetkin xəstələr üçün nəzərdə tutulub. Dərman mövcud antiviral terapiya ilə birlikdə istifadə edilir.
FDA-nın məlumatına görə, preparat qaraciyər sirrozu olmayan, ən azı altı aydır antiviral müalicə alan, qanında virusun miqdarı nəzarət altında olan və hepatit B səthi antigeninin (HBsAg) səviyyəsi müəyyən edilmiş həddə uyğun gələn xəstələr üçün təsdiqlənib.
Bepirovirsen antisens oliqonukleotidlər adlanan dərmanlar qrupuna daxildir. Bu preparat virusun genetik materialı ilə əlaqəli prosesləri hədəf alaraq onun göstəricilərinin azalmasına kömək edir.
Klinik sınaqların nəticələrinə əsasən, bepirovirsen standart müalicə ilə müqayisədə funksional sağalma göstəricilərində əhəmiyyətli nəticə nümayiş etdirib. III faza sınaqlarında bepirovirsen və standart terapiyanı birlikdə qəbul edən xəstələrin təxminən 19 faizində funksional sağalma qeydə alınıb. Yalnız standart terapiya alan müqayisə qrupunda isə bu göstərici sıfır olub.
Burada funksional sağalma dedikdə virusun mütləq şəkildə orqanizmdən tamamilə yox olması nəzərdə tutulmur. Bu anlayış müalicə dayandırıldıqdan sonra müəyyən müddət ərzində virusun DNT-sinin və hepatit B səthi antigeninin qanda aşkarlanmaması, yəni xəstəliyə dərmansız nəzarətin davam etməsi ilə əlaqədardır.
Xroniki hepatit B qaraciyər sirrozu, qaraciyər çatışmazlığı və qaraciyər xərçəngi kimi ağır fəsadlara səbəb ola bilər. Mövcud müalicələr bir çox xəstədə virusu nəzarətdə saxlasa da, uzunmüddətli, bəzən isə ömürboyu terapiya tələb edir.
Yeni preparatın təsdiqi xəstəliyin müalicəsində mühüm irəliləyiş hesab olunur. Bununla belə, dərman bütün hepatit B xəstələri üçün uyğun deyil və onun istifadəsi həkim tərəfindən qiymətləndirilməlidir.
Mütəxəssislər hepatit B-nin vaxtında aşkarlanması üçün müayinələrin, peyvəndlənmənin və diaqnoz qoyulan şəxslərin tibbi nəzarətdə saxlanılmasının əhəmiyyətini vurğulayırlar.
Gülşən Rəsul









