Hansı qazlı içkilər həyatımız üçün təhlükəlidir? – Rəsmi açıqlama

Hansı qazlı içkilər həyatımız üçün təhlükəlidir? – Rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər bazarda satılan qazlı suların tərkibi ilə bağlı ictimai müzakirələr artmaqdadır. Xüsusilə diqqət çəkən məqamlardan biri də təbii mineral sularla süni şəkildə qazlandırılan sular arasındakı fərqdir. Bulaqlardan çıxan məşhur mineral suların bulağından çıxan qazın miqdarı və xarakteri bazarda satılan qazlı sulardakı qaz intensivliyi ilə eyni deyil. Bu isə haqlı olaraq suallar doğurur: Qazlı sulara hansı qazlar vurulur? Bu qazlar təbii mənşəlidirmi, yoxsa texnogen prosesin nəticəsidir? Və ən əsası, bu fərqlilik insan sağlamlığı və ekoloji tarazlıq baxımından hansı riskləri yarada bilər?

Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən ekoloq Rövşən Abbasov bildirib ki, bazarda iki cür qazlı sulara rast gəlirik.

Ekoloqun sözlərinə görə, təbii mənbədən çıxan qazlı sular da qazlaşdırıla bilər. Adi sular qazlaşdırılarkən müəyyən filtirlənmədən keçdikdən sonra onlara karbon qazı vurulur. Onun bir qədər tamı və effekti dəyişir. Buna oynaq suları da deyirlər. Bəzi insanlar bu cür suları xoşlayırlar. Adi sudan fərqi yalnız hissiyatdadır. Başqa heç bir fərqi yoxdur. Çünki adi karbon qazıdır. Karbon qazının da insan orqanizminə heç bir mənfi təsiri yoxdur. Biz adi nəfəsalma prosesində də karbon qazı bizim bədənimizdə əmələ gəlir və biz onu havaya buraxırıq. Yaxud bir otaqda, başqalarının buraxdığı karbon qazını biz uduruq. Amma mineral tərkibli “Sirab”, “İstisu”, “Badamlı” kimi sular var ki, bunlar təbii mənbələrdən çıxan mineral sulardır. Bunların tərkibində çoxlu minerallar ola bilir. Kalsium, Maqnezium, Atrium kimi minerallar olur. Qaz da təbii ola bilir. Məsələn, “Turşu” mineral suyunda Təbii qazlanma var. Bir çox istehsal müəssisələrində mineral sulara da karbon qazı vurulur, bəzilərinə isə vurulmur. Ona görə də onların dadı özünəməxsus olur. Əgər bazar qiymətlərinə baxsanız, onların qiyməti bir qədər daha bahadır.

Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən vəkil İqbal Rzazadə bildirib ki,Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən içməli sular, alkoqollu və alkoqolsuz içkilər qida məhsullları hesab edilir.
Qeyd olunan Qanunda konkret olaraq içməli suyun (qablaşdırılmış) və qida məhsullarının emalı prosesində istifadə olunan suyun təhlükəsizliyinə dair tələblər müəyyənləşdirilmişdir.
Qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulması inzibati xətanın və ya cinayət məsuliyyətinin yaranmasına səbəb olur.

Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Tribuna.az-ın suallarını cavablayıb.

“Demək olar ki, bütün qazlı sularda istifadə olunan qaz karbon dioksiddir (CO₂).
Başqa qazlar (məsələn, azot və ya oksigen) dad, təhlükəsizlik və sabitlik baxımından uyğun olmadığı üçün içməli sularda praktik olaraq istifadə olunmur. CO₂ suda həll olduqda karbon turşusu (H₂CO₃) əmələ gətirir ki, bu, qazlı suya yüngül turş dad, “dil sancması” hissi, həmçinin mikrobioloji davamlılıq verir.
Təbii CO₂ vulkanik bölgələrdə, yeraltı qaz yataqlarında, təbii mineral suların tərkibində mövcuddur. Ona görə də bu sular yerin dərin qatlarından artıq öz-özünə qazlı çıxır. Lakin, qida sənayesində həmçinin texnogen, yəni sənaye mənşəli CO₂-dən də istifadə olunur. Bu karbon qazı ammonyak istehsalından, fermentasiya (spirt, pivə) proseslərindən və təbii qazın emalından əldə olunur. Qida sənayesi üçün CO₂ yüksək dərəcədə təmizlənir, ağır metallar, kükürd birləşmələri və s. tam çıxarılır.
“Sənaye mənşəli” qaz “zərərli” demək deyil. Belə ki, sağlam insan üçün təbii və texnogen CO₂ arasında praktik fərq yoxdur.

Qeyd edək ki, orqanizm CO₂-ni onsuz da metabolizmin yan məhsulu kimi istehsal edir. Amma, müəyyən risk qrupuna daxil olan şəxslər üçün mümkün təsirlər mövcuddur. Belə ki, mədə problemi (məsələn, qastrit) olan şəxslərdə qazlı su içdikdən sonra şikayətlər yarana bilər. Həmçinin, qazlı suların tez-tez və uzunmüddətli istehlakı diş minasının zəifləməsi, şişkinlik və meteorizm (bağırsaqlarda normadan artıq qaz toplanması) kimi sağlamlıqla bağlı problemlərə zəmin yarada bilər. Lakin, bütün bu təsirlər CO₂-nin mənbəyindən asılı olaraq yaranmır. Yəni, mənbəyindən asılı olmayaraq, tərkibində karbon dioksid olan suların mütəmadi istehlakı yuxarıda qeyd olunan təsirlərin yaranmasına gətirib çıxara bilər.”

Dəniz Pənahova